DoublePulsar
DoublePulsar — ABŞ Milli Təhlükəsizlik Agentliyinin Equation Group adlı qruplaşması tərəfindən yaradıldığı güman edilən və 2017-ci ilin əvvəlində The Shadow Brokers qrupu tərəfindən üstü açılan bekdor implantı aləti. Bu alət cəmi bir neçə həftəyə 200 000 Microsoft Windows kompüterini yoluxdurmağa qadirdir və 2017-ci ilin may ayında baş verən WannaCry virusunun hücumu zamanı EternalBlue eksploytu ilə birlikdə istifadə edilmişdir.
DoublePulsar alətini ilk dəfə RiskSense Inc. təhlükəsizlik şirkətinin baş təhlilçisi Şon Dillon təhlil etmişdir. O bildirib ki, MTA-nın eksploytları HeartBleed təhlükəsizlik böcəyindən "10 qat daha təhlükəlidir". DoublePulsar supervizor rejimində (ing. kernel mode) işləyir ki, bu da xakerlərə kompüter üzərində yüksək nəzarət imkanı verir. Kompüteri yoluxdurduqdan sonra o 3 əmri icra edə bilir: ping, kill və exec. Sonuncu əmr kompüterə zərərli proqramların yazılmasına imkan yaradır.