Ayişə Nəbi
Ayişə Nəbi (21 mart 1967, Haqqıxlı, İcevan rayonu) — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı.
== Həyatı ==
Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir.
Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.