Şeyxəli xan Qubalı
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806).
Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb.
== Mənşəyi ==
1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü".
Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu.
Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.