Qulam Məmmədli
Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli (25 mart 1897, Təbriz – 18 noyabr 1994, Bakı) — azərbaycanlı publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əmakdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əmakdar jurnalisti (1984) Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), əmək veteranı (1976), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989).
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924–1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910–1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913–1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920–1921), Dövlət mətbəəsində mürəttib (1921–1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929–1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941–1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.