İbrahim Safi
İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898, Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri.
İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir.
İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur.
1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini
yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.