Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür.
İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur.
"Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir.
== Arxa fon ==
1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı.
Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü.