Səftər Cəfərov
Səftər Məmməd oğlu Cəfərov (sentyabr 1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961).
Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.
1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.