Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir.
Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır.
Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.