Səfəvi təriqəti

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi AnadoluCənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncə Sünniliyә etiqad etsələr də, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur.[1]

Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur.[2] O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır.

Səfəviyyə şeyxləri

[redaktə | mənbəni redaktə et]
  1. Şeyx Səfi
  2. Şeyx Sədrəddin Ərdəbili
  3. Şeyx Xacə Əlaəddin Əli
  4. Şeyx İbrahim
  5. Şeyx Cüneyd
  6. Şeyx Heydər
  7. Şeyx Sultan Əli
  8. Şah İsmayıl Xətai

Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan.

Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir.

Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).

Lüğəvi mənası "yol" anlamına gələn təriqət təsəvvüfi mənada Allaha (c.c.) yetişmək ünü riayət olunan və bir sıra qayda və ayinləri olan yol deməkdir. Sufilər təsəvvüfün elmi-hal, digər elmlərin isə elmi-qal olduğunu bildirirlər. Elmi-qal zahir bilgisi olub ağıla və nəqlə söykənir. Elmi-hal isə batin bilgisi olub, zəhmətlə əldə edilə bilməyən, qəlbə gələn bilgini ifadə edir. Sufilər bu baxımdan təsəvvüfün qaynaqlarından olan Quranı anlama və şərh etmədə təvil metodundan istifadə edir və özlərini ancaq hal əhli, elmi-lədün sahibi insanların anlaya biləcəklərini bildirirlər.[3]

Şeyx Səfiəddin

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın dünya tarixinə bəxş etdiyi parlaq şəxsiyyətlər siyahısında Şeyx Səfiəddin Ərdəbilinin adı da var. Onun adı səkkiz əsrə yaxındır elm və təsəvvüf dünyasında görkəmli bir şəxs olaraq hörmətlə yad edilir. Ərdəbilinin yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində qurulan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvi dövləti bu gün də dünya tarixçiləri tərəfindən tədqiq edilməkdədir.

Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kələxoran kəndində anadan olmuşdur. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə (m.754–800) qədər gedib çatan bu müqəddəs Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur.

V. V. Bartold bu sülalənin banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər". I. P. Petruşevski də eyni fikri söyləmişdir: "Ilk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur". Hanna Sohrveide görə, "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"(ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur. M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır. Şeyx Səfiəddin Ərdəbili mənşəcə Azərbaycan türklərindən olan adlı-sanlı alim, şair, Səfəviyyə təriqətinin banisidir.

Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini qanunlarını çox gənc ikən anasının yanında öyrənmiş, yeniyetmə davamçılarından almışdır. Səfiəddin doğma türkcəni, fars və ərəb dillərinin yaşlarında Quranı əzbərləmiş, ilahiyyat elmlərinin sirlərinə vaqif olmağa çalışmışdır. Quranın təfsirini anasından və yerli üləmalardan öyrənmişdir. O, dini elmlərin əsaslarına yiyələnməklə yanaşı, fars, ərəb, gilan və monqol dillərini də mükəmməl mənimsəmişdir. Iyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alımış, müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olmuşdur. Şeyx Səfiəddin 25 il tələbə kimi onun yanında qalmış, Şeyxin qızı ilə evlənmişdir. Şeyxin vəfatından (1294) sonra Səfiəddin onun yerində Səfəviyyə təriqətinin rəhbəri olmuşdur. O, 35 il irşad və təlimatlarla məşğul olmuş, çoxlu tələbələr yetişdirmişdir. Onun ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Şeyx Səfiəddinin şöhrəti tezliklə bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayılmışdır. O, Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınmış, bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.[4]

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]

Əbülfəth Səfiəddin İshaq ibn əs-Seyyid Əminəddin Cəbrayıl ibn əs-Seyyid Saleh ibn əs-Seyyid Qütbəddin Əhməd ibn əs-Seyyid Səlahəddin Rəşid ibn əs-Seyyid Məhəmməd əl-Hafiz Kəlamüllah ibn əs-SeyyidƏvəz əl-Xəvas ibn əs-Seyyid Firuzşah Zərrinkülah ibn əs-Seyyid Məhəmməd ibn əs-Seyyid Şərəfşah ibn əs-Seyyid Məhəmməd əs-Seyyid Həsən ibn əs-Seyyid Məhəmməd ibn əs-Seyyid İbrahim ibn əs-Seyyid Cəfər ibn əs-Seyyid Məhəmməd ibn əs-Seyyid İsmayıl ibn əs-Seyyid Məhəmməd ibn əs-Seyyid Əhməd əl-Ə’rabi ibn əs-Seyyid Əbu Məhəmməd əl-Qasim ibn əs-Seyyid Əbülqasim Həmzə ibn imam əl-hümam Musa əl-Kazim ibn əl-imam Cəfər əs-Sadiq ibn əl-imam Məhəmməd əl-Bağır ibn əl-imam Əli Zeynəlabidin ibn əl-imam əs-seyyidüş-şühəda əbi Abdullah əl-Hüseyn ibn əl-əmirəl-möminin və imaməlmüttəqin Əsədüllahil-ğalib Əli ibn əbi-Talib (səlavatüllah və səlamühü əleyhim əcməin).[5]

Şeyx Səfiəddin haqqında qısa məlumat

[redaktə | mənbəni redaktə et]
  • Şeyx Səfiəddin Ərdəbilinin yaşadığı illər — 1252–1334.
  • Həyat yoldaşı – Bibi Fatimə.
  • Anası-Dövlətlü xatun.
  • Atası-Əminəddin – oğlunun 6 yaşın olanda rəhmətə gedib. (öl. 1258).
  • Anasının atası – Ərdəbilin Barüq kəndindən olan Baba Camal idi.
  • Ailədə 5-ci övlad olan Şeyx Səfiəddinin özündən böyük 3 qardaşı və 1 bacısı, özündən kiçik 2 qardaşı vardı. Cəmi 7 övlad idilər.
  • Böyük Qardaşları-Məhəmməd, Səlahəddin, İsmayıl, Kiçik qardaşları-Yə’qub ilə Fəxrəddin Yusif.
  • Bacısı- bir bacısı vardı.
  • Mürşidi – Şeyx Zahid Gilani.
  • Mürşidinin xidmətində Gilanda olduğu müddət – 25 il.
  • Bildiyi dillər-türk, ərəb, parsi (fars) və moğol dili, o cümlədən də gilək dili.
  • Gilanda öynədiyi dil – Gilək.
  • Rəhbərlik etdiyi qurum – Darül-İrşad xanəgahı.
  • Rəhbərlik etdiyi quruma maliyyə dəstəyi verən şəxs – Fəzlullah Rəşiddədin Həmədani.
  • Onunla görüşüb məsləhətləşən və tez-tez onu ziyarət edən hökmdarlar — Elxani hökmdarlarından Əbu Səid, Məhəmməd Ulcaytu və hökumətdə baş əmir vəzifəsində olan Əmir Çoban.[5]

Sufi dərgahının vəqfləri barədə

[redaktə | mənbəni redaktə et]

1501-ci ildə Şah I İsmayıl (1501–1524) tərəfindən Səfəvilər dövlətinin bərqərar edilməsindən sonra Şeyx Səfiəddin ziyarətgahına daha çox diqqət yetirildi. Ərdəbil yeni dövlətin dini və siyasi mərkəzi oldu. Bu dövrdə Ərdəbildəki dərgahın mütəvəlliliyi (şəriət ehkamı üzrə tərtib edilmiş vəqfnamə adlı müvafiq sənəd əsasında müəyyən vəqf əmlakını idarə etməyə vəzifədar olan bir şəxs-E. N.) ən yüksək vəzifəyə sahib olan dövlət adamlarının əlində idi. Zahidinin "Silsilət ən-nəsəb əs-Səfəviyyə" əsərinin məlumatına görə, vəqfin mütəvəlliləri şah tərəfindən təyin olunurdu. 1601-ci il-də Şah I Abbasın (1587–1629) Zahidini bu vəqfin mütəvəllisi təyin etməsi və ondan əvvəlki mütəvəlli Mirzə İsmayılın işdən çıxarılması haqqında fərman verməsini buna örnək olaraq göstərə bilərik. Şah II Abbas (1642–1666) dövründə isə Ərdəbil bölgəsi vəqfin mütəvəlliləri idarəsindən çıxaraq şah və şahın ailəsinə bağlı olan "xasse-i şərifə" torpaqlarına qatılmışdır".[6]

Sufi dərgahının vəqfləri barədə Azərbaycana səyahət etmiş və 1670-ci ildə Ərdəbildə olmuş Yan Streys adlı səyyah geniş məlumat verirdi. Onun yazdığına görə Ərdəbil şəhərində 200 ev, 9 hamam, 8 karvansara, şəhər bazarı, bazardakı və şəhər meydanındakı yüzlərlə dükkan, Təbrizdə 100 ev, 100 dükkan, Qəzvində bir neçə karvansara və hamam, Ərdəbilin 33 kəndi (kəndlərin adı yazılmamışdır), Təbrizin 2 kəndi, Sərabın 5 kəndi və həmçinin Astrabad, Gilan, Muğan və bir çox digər yerlərin gəlirləri bu dərgahın vəqfini təşkil edirdi[7]. Ərdəbilin inkişafını təmin edən ən mühüm amil şəhərin ticarətdə ən mühüm pay sahibi olan ipəyin ixrac yolu üzərində yerləşməsi idi. Bu səbəbdən gömrük vergisindən gələn gəlir hesabına şəhər xeyli qazanc əldə edirdi[8].

Şeyx Səfiəddin İshaq vəqfinin gəlirlərinin böyük olmasını Zahidinin məlumatlarından da anlamaq mümkündür. Erhan Arıklı tədqiqat əsərində həmin mənbəyə istinadən yazırdı ki, "Şeyx Şərəf bəy Zahidi mütəvəlli olduğu illərdə vəqfin bütün yeyəcək (qida) xərclərini və maaşlarını ödədikdən sonra vəqf üçün 1.830 tümənə bərabər mal və mülk almış, 2.000 tüməni isə vəqfin xəzinəsinə keçirmişdi[6]. Fransız səyyahı Şarden 1673-cü ildə Təbrizdən İsfahana gedərkən Savə adlı bölgədə Ərdəbil şeyxlərinin vəqfinə aid bir karvansara, iki bağ, iki su anbarının olduğunu və bunların vəqfə şah I Abbasın arvadı Zeynəb bəyimin bağışladığını yazırdı. Şarden həmin mülklərin ildə 1.000 frank gəlir verdiyini də əlavə edirdi. Beləliklə, XVII əsrin ortalarında Ərdəbildəki vəqfin çox zəngin və xeyli sayda gəlir mənbələri olan vəqf olduğunu söyləyə bilərik[6].

Şeyx Səfiəddin Ərdəbildə "Darül-irşad"ın (Hidayət evi) başında dururdu. Tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüş nümayiş etdirirdi ki, ayrı-ayrı Islam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalanırdı. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilat vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında "pir", yaxud "mürşid" dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabelikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

"Bu sistem siyasətə qarışmırdı və Şeyx Cüneydə kimi belə də davam etmişdi. Ancaq "Darül-irşad" Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Belə bir zamanda Şeyx Səfiəddinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz "Darül-irşad"a rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli Ibrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah Ismayıl Ərdəbil "Darül-irşad"ına rəhbərlik etmişlər".

Şeyx Səfiəddin 1334-cü ildə Ərdəbil şəhərində vəfat etmiş və burada da dəfn olunmuşdur. Onun məzarının üzərində türbə inşa edilmiş, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınmışdır. Beləliklə, burada böyük bir mədəni mərkəz yaranmışdır. Səfəvi şeyxlərindən bir çoxu, o cümlədən də Şah Ismayıl da burada dəfn olunmuşdur. XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524–1576-cı illər) həmin məqbərə öz indiki şəklini almışdır. Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuş adı ilə məşhur olan Şeyx Sultanəli də təriqət rəhbəri olmuş, atası Şeyx Sədrəddin vəfat edəndən sonra onun yerinə keçmiş və 38 il rəhbərlik etmişdir. 1426-cı il mart ayının 15-də Məkkə şəhərində vəfat edən Siyahpuş orada dəfn edilmiş və məqbərəsi bu şəhərdə "Seyidəli Əcəm" adı ilə məşhurdur. O da atası və babası kimi alim, təriqət başçısı olmaqla yanaşı, həm də şair olmuş, əvvəldən axıradək təsəvvüf və irfani şeirlərlə dolu olan divanı çox məşhur olaraq dildən-dilə gəzmişdir. Tarixin sonrakı mərhələlərində bu müqəddəs ocaqdan-Səfəvi nəslindən Şeyx Cüneyd, Şeyx Heydər, Şah Ismayıl, Şah Təhmasib, Sam Mirzə, Əlqas Mirzə, Şah Abbas və başqa elm, sənət xadimləri, məşhur sərkərdə, dövlət xadimləri və başçıları yetişmişlər.

Təxminən iki yüz ilə – Şeyx Səfiəddinin nəvəsi Şah İsmayıl Xətai Təbriz şəhərində özünü şah elan edənə (1501-ci il) qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan məbədi kimi baş şəhər rolunu Ərdəbil oynamışdır. Burada 1300-cü ildən etibarən bir çox binalar inşa edilmiş, məmləkətin bütün yaxın, uzaq guşələrindən buraya elm, mərifət, təriqət öyrənmək istəyənlərin axını davam etmişdir. Məhz bunun nəticəsi olaraq 200 ildən sonra Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnir və bir ucu Dəmirqapı Dərbənd, bir ucu Bağdada gedib çatan böyük bir ərazini, imperiyanı 1736-cı ilə – Nadir şah Əfşarın özünü Iran şahı elan etməsinə qədər şəriksiz olaraq idarə edirlər.[4]

  1. Uğur, Ahmet. Yavuz Sultan Selim (türkcə). Erciyes Üniversitesi, Sosyal Bilimler Enstitüsü Müdürlüğü. 1989. 45. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-01. Bu hanedan adını Safavi tarikatı reisi Şeyh Safiyüddin İshak'dan almaktadır.
  2. Çiçek, Kemal. The Great Ottoman-Turkish Civilisation: Politics (ingiliscə). Yeni Türkiye. 2000. ISBN 9756782188, ISBN 978-975-6782-18-7. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-01.
  3. "Təsəvvüf". 2016-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  4. 1 2 "Şeyx Səfi". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  5. 1 2 Şeyx Səfi təzkirəsi (“Səfəvətüs-səfa”nın XVI əsr türk tərcüməsi”). Bakı: Nurlan, 2010, s.11, 46, 51,52, 53,54
  6. 1 2 3 Ərdəbil livasının müfəssəl dəftəri. Araşdırmanın və transliterasiyanın müəllifi Erhan Arıklı. Bakı: AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2004 s.95–96
  7. Les Voyages de Jean Struys, En Moscovie, en Tartarie, en Perse, aux İndes, & en plusieurs, autres pais etrangers. Amstredam, Ches la Veuve de Jacob van Meurs. M. DC. LXXXI (1681), s.285
  8. İslam Ansiklopedisi. cilt: 11. İstanbul, 1995, s.277

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]