Tumbul rayonu
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri.
16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur.
39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.
Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır.
1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.