Ulduzə Nəsirova
Ulduzə Nəsirova (27 aprel 1956)— Azərbaycanlı teatr və kino aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2008).
Ulduzə Nəsirova 27.04.1956-cı il tarixində anadan olub. Ulduzə Nəsirova 1974–1978-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu " fakültəsində təhsil alıb. 1978-ci ildə U. Nəsirova təyinatla M. Davudova adına Mingəçevir Dövlət Dram teatrına işləməyə göndərilib. Az bir müddətdə Mingəçevir teatrının səhnəsində bir-birinin ardınca oynadığı obrazlarını özünəməxsus ştrix və boyalarla yaradaraq tamaşaçı rəğbəti qazana bilmişdir. Onun zəhmətkeşliyi, oynadığı rollara yaradıcı münasibəti, təvazökarlığı az bir müddətdə Ulduzə xanımı Mingəçevir tamaşaçılarının sevimlisi etmişdir. 1984-cü ildən U. Nəsirova, taleyini Sumqayıt Dövlət Dram teatrı ilə bağlamışdır. Bu teatrda işlədiyi müddətdə U. Nəsirova müxtəlif səpgili, zidd xarakterli rollar ifa etmişdir.1993-cü ildə Respublikamızda keçirilən mono-tamaşalar festivalında Çingiz Ələsgərlinin "Etiraf" adlı mono-tragifars əsəri ilə çıxış edən U. Nəsirova həmin festivalın "Faciə ilahəsi" adına layiq görülmüşdür. Bu istedadlı aktrisanın sənətkarlığını nəinki Sumqayıtlılar, Azərbaycan tamaşaçıları, hətta Dağıstan və Qazaxıstan teatrsevərləri də rəğbətlə qarşılamışlar. U. Nəsirova 2003-cü ildə Respublika Prezidenti mükafatçısı olub.