Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ADPU | |
---|---|
"Azərbaycan Dövlət Pedaqoji Universiteti" publik hüquqi şəxs | |
| |
40°22′22″ şm. e. 49°50′53″ ş. u. | |
Əvvəlki adı |
|
Şüar | "Ənənələrə sadiq, yeniliklərə açıq universitet!" |
Əsası qoyulub | 26 avqust 1921 |
Rektor | Cəfər Cəfərov |
Tələbə sayı | 18.000 |
Xarici tələbə sayı | 300 |
Bakalavr sayı | 13.000 |
Magistrant sayı | 650 |
Doktor sayı | 67 |
Professor sayı | 62 |
Müəllim sayı | 1600 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Üzeyir Hacıbəyli küçəsi, 68 |
Metro | Sahil |
Sayt | adpu.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi.
1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir.
İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.[1] Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb.[2] Həmçinij ölkə prezidentinin 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib.[3] Hazırda ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016–2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunub.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşlərinin birində demişdir:
Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır.[4] |
Universitetin 50 illik (28 fevral 1973).[5] , 60 illik (23 dekabr 1981)[6], 85 illik (2006-cı il)[7], 90 illik (20 aprel 2012)[8] və 100 illik (17 dekabr 2021)[9][10] yubileyləri dövlət səviyyəsində yüksək səviyyədə keçirilmişdir. 50 və 60 illik yubileylərində Azərbaycan SSR MK birinci katibi Heydər Əliyev iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:
İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.[11] |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli 302 nömrəli "Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərarı ilə universitet Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilmişdir.[12]
Azərbaycanda yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışdır. Universitetin məzunlarından Mikayıl Müşfiq, Budaq Budaqov, İsmayıl Şıxlı, Həsən Mirzə, Əli Nağıyev və digər yüzlərlə şəxsiyyətləri göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 11 prezidentinin 4-ü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov, Həsən Abdullayev, İsa Həbibbəyli, 3 vitse-prezidenti – Heydər Hüseynov, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları — Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları — Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfələliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, Şakir Salahov, "Azərbaycan Bayrağı" ordenli Malik Bayramov, Orxan Nəbiyev, Firdovsi Tahirov universitetin məzunlarıdırlar.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları Vətən müharibəsində yaxından iştirak edib. Universitetin 8 tələbəsi və yüzlərlə məzunu Vətən müharibəsi qazisi, 16 tələbə və məzunu Vətən müharibəsi şəhidi, 1 məzunu isə 2022-ci ilin Sentyabr döyüşləri şəhididir.[14][15][16]
Vətən müharibəsindəki şəhid tələbə və məzunları:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı 13 iyun 2000-ci ildə prezident Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı kimi yaradılmışdır. Filialın ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda Direktor Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.
Filial 6,5 hektar ərazidə 3 mərtəbəli binada yerləşir.
Filialda "Riyaziyyat və informatika müəllimliyi", "Tarix və coğrafiya müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir[1][21]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Filialda 3 ictimai təkilat fəliyyət göstərir — Tələbə Elmi Cəmiyyəti — Tələbə Gənclər Təşkilatı — Həmkarlar Təşkilatı İttifaqı Komitəsi.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
Filialda "Tarix və coğrafiya müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir.[1][22]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 2,5 hektar ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir. Filialda "İbtidai sinif müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı", "Tarix və coğrafiya", "Təhsildə sosial-psixoloji ixidmət", "Riyaziyyat və informatika müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir.[1][23]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 13 iyun 2000-ci ildə prezident Heydər Əliyevin 349 saylı fərmanı ilə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı kimi yaradılmışdır.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar yüksək fəallıqla fəaliyyət göstərir.
Filialda "İbtidai sinif müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Tarix və coğrafiya müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları tədris edilir.[1][24]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialı adı altında fəaliyyətə başlamışdır. 1992–1993-cü tədris ilində filiala 8 ixtisas üzrə respublikanın 40 şəhər və rayonundan 87 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 25 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Bakı Dövlət Universitetindən də alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq alitəhsilli pedaqoji kadr hazırlanmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 100 nəfərədək çalışır ki, onlardan da 10 nəfərə qədəri elmlər doktoru, professor, 2o nəfərdən çoxu fəlsəfə doktoru, dosent, 30 nəfərdən çoxu baş müəllim, 15 nəfərədək magistr, 20 nəfərədək doktorant və dissertantdır. Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
Filialda "Məktəbəqədər təhsil", "İbtidai sinif müəllimliyi", "Tarix və coğrafiya müəllimliyi", "Təhsildə sosial-psixoloji xidmət", "İngilis dili müəllimliyi", "Fransız dili müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" və "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə təhsil verilir.[1][25]
Kollec 1919-cu ildə yaranmışdır. Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.
Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
M. Rahim adına 7 nömrəli tam orta məktəb 1928-ci ildə ibtidai orta məktəb (I–VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940–1946-cı illərdə məktəbin binasından hərbi hospital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977-ci ildə xalq şairi M. Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib.
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı kampusda ADPU-nun əsas tədris binası yerləşir. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşir. Kampusda Filologiya fakültəsi, Riyaziyyat fakültəsi, Fizika fakültəsi, Kimya və biologiya fakültəsi və SABAH mərkəzi yerləşir. Həmçinin universitetin böyük akt zalı, iclas salonu, Heydər Əliyev Mərkəzi (muzey və lektoriya), Karyera Mərkəzi, Kitabxana-informasiya Mərkəzi, universitet nəşriyyatı, kimya və fizika labarotoriyaları, zooloji muzey, böyük idman zalları və SABAH auditoriyaları da bu kampusdadır.
Bakı şəhəri, Akademik Həsən Əkiyev küçəsi, 104 ünvanındakı kampusda ADPU-nun Gənclik tədris binası yerləşir. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşir. Kampusda Tarix və coğrafiya fakültəsi, Magistratura və Doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi yerləşir. Həmçinin kampusda Heydər Əliyev Mərkəzi (muzey və iclas salonu), xarici tələbələr qız tələbələr üçün geniş və şəraitli yataqxana, kitabxana-informasiya mərkəzi, müasir amfiteatr tipli auditoriyalar, böyük akt zalı və tam təchizatlı idman zalı, ən müasir inklüziv tədris labarotoriyaları da fəaliyyət göstərir.
Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 41A ünvanındakı kampusda ADPU-nun III tədris binası bu kampusdadır. Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 60 ünvanında yerləşir. Kampusda İncəsənət və fiziki tərbiyə və İbtidsi təhsil fakültələri yerləşir. Burada 29 saylı şəhər poliklinikası, idman zalı, musiqi, rəsm, heykəltaraşlıq otaqları və kitabxana fəaliyyət göstərir.
Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşən ADPU-nun IV tədris binası bu kampusda yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşir. Kampusda Məktəbəqədər təhsil fakültəsi yerləşir. Burada fakültənin inküziv tədris labarotoriyaları və kitabxana da fəaliyyət göstərir.
ADPU-da idarəetmə prosesini 8 fakültə, 33 kafedra, Tədris Departamenti (3 şöbə və 4 bölmədən ibarət), 14 şöbə və 5 mərkəz həyata keçirir. Həmçinin ADPU nəzdində Bakıda Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabadda ADPU-nun 5 filialı fəaliyyət göstərir. İdarəetmə prosesi 5 prorektorluqda birləşməklə universitet müvafiq olaraq qəbul edilmiş əsasnamə və təlimatlarla idarə olunur. ADPU-da tədris prosesinin idarəçiliyi departament sisteminin tədricən tətbiqinə əsaslandığından, kadr hazırlığı ixtisaslar üzrə ilk bakalavr təhsilində fakültələrə və uyğun kafedralara, magistratura və doktorantura səviyyələrində Magistratura və doktorantura şöbəsinə və kafedralara, əlavə təhsil və təkrar ali təhsildə Davamlı təhsil və innovasiyalar şöbəsi vasitəsilə dekanlıqlara və kafedralara, yenidənhazırlanma təhsilində isə Davamlı təhsil və innovasiyalar şöbəsi və kafedralara təhkim olunmuşdur. Hazırda ADPU-da tədris prosesi Tədris Departamentinin əlaqələndirməsi ilə 8 fakültə, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi və 33 kafedra tərəfindən idarə olunur. Bakalavriatura təhsili üzrə ümumi əlaqələndirmə Tədris işləri üzrə prorektorluq, magistratura və doktorantura səviyyəsində isə Elm və innovasiyalar üzrə prorektorluq tərəfindən həyata keçirilir. Hər tədris ilinin başlanğıcında təsdiq edilən ADPU-nun Akademik Təqviminə əsasən bütün tədris prosesi idarə olunur.
Universitetdə 5 prorektorluq fəaliyyət göstərir:
ADPU-da elmi və elmi-təşkilati fəaliyyət 8 fakültə üzrə 33 kafedrada, o cümlədən Azərbaycanda ilk dəfə 2017-ci ildə yaradılmış Türksoy kafedrasında[37], Elmi Tədqiqat Mərkəzində, Elmi-təşkilati şöbə[38] və Magistratura və doktorantura şöbələrində[39] həyata keçirilir. Son dövrlərdə universitetdə təsdiq edilən mövzu planı əsasında 741 nəfərdən ibarət professor-müəllim heyəti 67 istiqamətdə, 106 problem üzrə 386 mövzuda elmi tədqiqat işlərini davam etdirib. Tətbiqi və innovasiya xarakterli ən əhəmiyyətli 164 iş tədris prosesində praktik tətbiq hüququ qazanmışdır.
Elm və təhsil sahəsində beynəlxalq əlaqələr çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti dünyanın 52 nüfuzlu universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.
Professor-müəllim heyətinin elmi tədqiqat işlərinin informasiya təminatını reallaşdırmaq üçün ADPU "Clarivate Analytics (Thomson Reuters)" Agentliyi tərəfindən "Web of Science" Məlumat Platformasına qoşulub. ADPU-da Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərin sırasına daxil edilmiş 6 (altı) dövri elmi jurnal nəşr edilir. Ümumilikdə isə 8 dövri elmi jurnal dərc olunur. Bu jurnallarda universitet əməkdaşları ilə yanaşı, respublikamızın, eləcə də xarici ölkə mütəxəssislərinin də məqalələri çap olunur:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbu orqanı olan "Gənc müəllim" qəzeti 1958-ci ilin fevral ayının 1-dən dərc olunur.
Universitetin kitabxanasının ümumi fondu 751730 nüsxə ədəbiyyat təşkil edir. Ümumi fonda kitablarla yanaşı digər çap məhsulları da (elmlər doktorluğu dissertasiyaları, fəlsəfə doktorluğu dissertasiyaları, magistr dissertasiyaları, avtoreferatlar, jurnallar) aiddir. Bunlar içərisində 676038 nüsxə kitab, 11048 nüsxə kitabçalar, 3304 nüsxə jurnal, 1210 ədəd fəlsəfə və elmlər doktorluğu, 4799 ədəd magistr dissertasiya, 17695 ədəd avtoreferat, 1016 nüsxə referativ jurnallar və 2270 nüsxə universitet müəllimlərinin elmi tədqiqat işləri yer alır. Eyni zamanda fondda 1000 nüsxə nadir kitablar mühafizə olunur.[41]
2013-cü ildə 5 cildən ibarət "Azərbaycan Dövlət Pedaqoji Universitetininprofessor-müəllim heyətinin 1921–2011-ci illərdə nəşr olunmuş əsərlərininbiblioqrafiyası" kitabxana əməkdaşları tərəfindən tərtib edilmişdir.
Kitabxananın fondunda hal-hazırda qeydiyyata alınan və elektron kataloqa daxil edilən latın qrafikası ilə nəşr edilmiş 65834 nüsxə kitab mövcuddur. Hazırda elektron kataloqda ümumi olaraq 12818 adda kitab, 81.742 nüsxə ədəbiyyat var. Mərkəzin rəqəmsallaşması nəticəsində 2630 adda dərslik və dərs vəsaitlərinin pdf versiyaları elektron kitabxanaya yerləşdirilib.[41]
Fondun həcminə görə universitetin kitabxanası Respublika universitet kitabxanaları arasında ikinci yerdədir.
Kitabxana hazırda 4 şöbəsi, 27 əməkdaşı ilə oxuculara xidmət edir. 2019-cu ilin iyul ayından Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytı fəaliyyətə başlamışdır.[42] Burada tələbələr elektron kitabxana xidmətindən istifadə edə bilərlər.[43]
2021-ci ilin mart ayının 1-də bp Azərbaycan şirkətinin dəstəyi ilə universitetdə müasir elektron kitabxana infrastrukturu yaradılmışdır.[44][45]
ADPU-da nəşriyyat və mətbəə 1948-ci ildə yaradılıb və bu günə qədər yüksək səviyyədə fəaliyyət göstərir. Universitetin daxili nəşriyyatında son 5 ildə bakalavr təhsil pilləsinə uyğun 2125 adda dərs vəsaiti, metodik vəsait və metodik göstərişlər çap olunmuşdur. Bakalavr pilləsi üçün 18 ixtisas üzrə 508 fənn proqramı Təhsil Nazirliyinin qrifi ilə çap olunaraq istifadəyə verilmişdir. Magistr pilləsi üzrə yeni tədris planlarına uyğun olaraq fənn proqram və dərsliklərinin hazırlanması işi də daim diqqət mərkəzində durur. Hazırda magistr səviyyəsi üzrə 28 fənnin proqramı işlənıniş və çap olunmuşdur. Bütövlükdə son bir ildə 250 ç.v. həcmində dərs vəsaiti, metodik göstəriş, proqram çap olunmuşdur.[46]
Universitetin Beynəlxalq Əlaqələr Şöbəsi ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır, beynəlxalq istiqamətlər üzrə maraqlarının və hüquqlarının qorunmasını, onların beynəlxalq əlaqələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi və ona nəzarəti təmin edir. ADPU 34 xarici universitet ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir. Türkiyənin 11 universitetində "Mövlanə" mübadilə proqramı çərçivəsində tələbələr üçün təhsil şəraiti yaradır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilir. Ümumilikdə Türkiyə (11), Rusiya (8), Ukrayna (2), Rumıniya (1), ABŞ (1), Qazaxıstan (4), Litva (2), İndoneziya (1), BƏƏ (1), İsveçrə (1), Özbəkistan (1), və Moldova (1) universitetləri ilə əməkdaşlıq edilir.
"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ADPU və ABŞ-nin Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti (CVU) ilə 31 yanvar 2020-ci ildə ikili diplom proqramı üzrə müqavilə imzalanıb.
Müqaviləyə əsasən universitetin "Menecment (təhsilin təşkili və idarəolunması)" ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun "Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik" magistr ixtisasına da yiyələnəcək).[47]
Erasmus+ tərəfdaş universitetləri arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər. Mübadilə müddəti 1 semestrdən 2 semestrə qədər davam edə bilər. ADPU ERASMUS+ çərçivəsində Kopenhagen Universitet Kolleci – UCC(Kopenhagen, Danimarka) ilə əməkdaşlıq edir.
Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətində Türkiyədəki ali təhsil müəssisələrində dərs deməklə proqramdan faydalana bilərlər.
Universitet Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB)[48] kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley nəşrləri
<ref>
etiketi; "Rüstəmov F.A 2019" adı bir neçə dəfə müxtəlif məzmunla verilib