Elis Manolova

Elis Manolova (17 yanvar 1996) — 2011–2012-ci illərdə Bolqarıstanı, 2015-ci ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2019-cu il Avropa Çempionatının qalibi.[1]

Elis Manolova
Elis Manolova 2017-ci ildə
Elis Manolova 2017-ci ildə
Şəxsi məlumatlar
Tam adı Elis Filipovna Manolova
Vətəndaşlığı Bolqarıstan Bolqarıstan
Azərbaycan Azərbaycan
Doğum tarixi 17 yanvar 1996(1996-01-17) (28 yaş)
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2004—
Məşqçisi Filip Manolov
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elis Manolova 2011-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarında çıxış eləsə də, uğurlu nəticələrə imza ata bilmədi və turnirləri müvafiq olaraq 14-cü və 5-ci pillələrdə başa vurdu.[2] 2012-ci ilin iyulunda isə Elis Manolova Polşada baş tutan gənclər arasında Avropa Çempionatında bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[2]

Daha sonra Azərbaycan Güləş Federasiyası (AGF) Elis Manolovanı Azərbaycan yığmasının heyətinə cəlb elədi.[2] 2023-cü ildə beynəlxalq dərəcəli referi Hicran Şərifov "CBC Sport"da yayımlanan "Əlavə vaxt" verilişində qonaq olan zaman "illər əvvəl Rumıniyada Elis Manolovanın ailəsi ilə tanış olduğunu və onu Azərbaycana gətirddiyini" bildirdi.[3] Daha sonra isə o, "Elis Manolovanın sənədlərini də asan yolla həll elədiyini, onu bacım oğlu ilə formal nikaha aparırdığını, bununla da onun rahat yolla Azərbaycan bayrağı altında güləşməsinə şərait yaratdığını" qeyd elədi.[3]

Elis Manolovanın Azərbaycan bayrağı altında birinci beynəlxalq turniri 2015-ci ildə oldu.[2] Polşada baş tutan U23 Avropa Çempionatını 8-ci pillədə başa vuran Elis Manolova ardınca Sofiyada D. Kolov — N. Petrov beynəlxalq turnirində bürünc, İstanbulda yeniyetmələr arasında Avropa Çempionatında gümüş, Salvador da Bahiada isə yeniyetmələr arasında Dünya Çempionatında gümüş medallara sahib oldu. Həmin ilin sentyabrında debüt Dünya Çempionatında uğursuz çıxış edən və turniri 24-cü pillədə pillədə başa vuran Elis Manolova noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirində 8-ci pillənin sahibi oldu.[2]

2016-cı ildə isə Elis Manolova əvvəlcə martda Bolqarıstanda U23 Avropa Çempionatında bürünc medala sahib oldu.[2] Daha sonra o, Zrenyaninda Avropa Olimpiya Təsnifat Turnirində, İstanbulda isə Dünya Olimpiya Təsnifat Turnirində çıxış eləsə də olimpiya lisenziyasına sahib ola bilmədi.[2] İyunda Rumıniyada yeniyetmələr arasında Avropa Çempionatının gümüş, avqustda isə Fransada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib olan Elis Manolova noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci illədə başa vurdu.[2]

Elis Manolova üçün 2017-ci il uğursuz oldu.[2] İlin əvvəlində Elis Manolova Rusiyada İvan Yarıgin beynəlxalq turnirinin bürünc medalına sahib olsa da, Kiyev beynəlxalq turnirində və Avropa Çempionatında medalın bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu.[2] Macarıstanda U23 Avropa Çempionatında da uğursuz çıxış edən və nəticədə turnirləri 11-ci pillədə başa vuran Elis Manolova 2017-ci il ərzində yeganə qızıl medala mayda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında sahib oldu.[2] Elis Manolova həmçinin avqustda Fransada Dünya Çempionatında və noyabrda Macarıstanda U23 Dünya Çempionatında da uğursuz çıxış elədi və turnirləri müvafiq olaraq 17-ci və 8-ci pillələrdə başa vurdu.[2]

2018-ci ildə Elis Manolova əvvəlcə Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində bürünc medala sahib oldu.[2] Mayda isə Elis Manolova Rusiyada baş tutan Avropa Çempionatında finala gedən yolda bütün rəqiblərinə qalib gəlsə də, həlledici görüşdə Finlandiya nümayəndəsi Petra Olliya məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[2] Daha sonra Elis Manolova İstanbulda Yaşar Doğu beynəlxalq turnirində 5-ci və Budapeştdə Dünya Çempionatında 20-ci pillələrdə qərarlaşdı.[2] Noyabrda isə Elis Manolova Buxarest şəhərində (Rumıniya) U23 Dünya Çempionatını gümüş medalla başa vurdu.[2]

Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elis Manolova ilin əvvəlində Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində və Serbiyada U23 Avropa Çempionatında medalın bir addımlığında məğlub olaraq turnirləri beşinci pillələrdə başa vursa da, martda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu.[2] Sentyabrda isə Elis Manolova Qazaxıstanın Nur-Sultan şəhərində baş tutan Dünya Çempionatında bürünc medalın sahibi oldu.[2]

2020-ci ildə Elis Manolova yanvarda İstanbulda Yaşar Doğu beynəlxalq turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[2] Fevralda isə Elis Manolova İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Bolqarıstan nümayəndəsi Mimi Xristovaya məğlub olaraq turniri gümüş medalla başa vurdu.[2] Həmin il dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə Olimpiya Oyunları, həmçinin bir sıra beynəlxalq turnirlər təxirə salındı.[2]

2021-ci ildə Elis Manolova əvvəlcə martda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində beşinci pillənin sahibi oldu və olimpiya lisenziyasını əldə edə bilmədi.[2] Apreldə Polşanın Varşava şəhərində Avropa Çempionatını yeddinci pillədə başa vuran Elis Manolova mayda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurmaqla olimpiya lisenziyasına sahib oldu.[2] Bununla da Elis Manolova Azərbaycanı 2021-ci ilin iyul-avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Avqustun 2-də çıxış edən Elis Manolova olimpiadanın 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Blessing Oborududu ilə üz-üz gəldi.[4] Həmin görüşdə Elis Manolova rəqibinə 2:14 hesabı ilə məğlub oldu.[4] Blessing Oborududu final görüşünə vəsiqə qazandığına görə Elis Manolova təsəlliverici qrupda mübarizə apardı.[4] Avqustun 3-də Elis Manolova Qırğızıstan nümayəndəsi Məryəm Cumanəzərova ilə üz-üzə gəldi.[5] Həmin görüşdə Elis Manolova rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[5][6] Olimpiadadan sonra Elis Manolova Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi və turniri 12-ci pillədə başa vurdu.[2]

2022-ci ildə Elis Manolova əvvəlcə Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[2] Ardınca İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirini beşinci pillədə başa vuran Elis Manolova martda Budapeşt şəhərində Avropa Çempionatının, avqustda isə Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının gümüş medallarına sahib oldu.[2] Sentyabrda isə o, Belqrad şəhərində (Serbiya) Dünya Çempionatını beşinci pillədə başa vurdu.[2]

2023-cü il isə Elis Manolova üçün uğursuz mövsüm oldu.[2] Elis Manolova Xorvatiyada Zagreb Open beynəlxalq turnirində, Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində, həmçinin Xorvatiyada Avropa Çempionatı və Serbiyada Dünya Çempionatında uğursuz nəticələrə imza atdı və mövsümü medalsız başa vurdu.[2]

  1. Olympedia.org. "Elis MANOLOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 International Wrestling Database. "ELIS MANOLOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 Oxu.az xəbər portalı. "Hicran Şərifov: "Elis Manolovanı milliləşdirməyimiz üçün bacım oğlu ilə formal nigaha aparırdım" - VİDEO". www.oxu.az (az.)). 11.02.2022. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  4. 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Рафик Гусейнов и Элис Манолова получили шанс бороться за бронзу". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  5. 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Рафик Гусейнов одолел за бронзу Карапета Чаляна". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  6. Olympedia.org. "2020 Summer Olympics / Wrestling / Light-Heavyweight (68 Kilograms) / Freestyle / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.