Zaur Rahat oğlu Hüseynov (26 avqust 1987, Salyan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Zaur Rahat oğlu Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1987 (37 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2002-ci ildən |
Rütbəsi | Mayor |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda hərbçi ailəsində anadan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Uşaqlıqdan rəssamlıqla məşğul olduğundan o illərdə həmin məktəbin şagird rəssamı adını da qazanmışdır. Həmin illərdə təşkil olunan rəsm sərgilərində bir neçə dəfə şəhər birinciliyini, həmçinin Şəhər olimpiyadalarında Azərbaycan dili fənni üzrə də birincilik əldə etmişdir. Bədən tərbiyyəsi dərslərində fəal iştirak etdiyi üçün "Şahin" idman yarışların da və digər kollektiv idman yarışlarında komandasına yüksək nəticələr qazandırmışdır. Hərbçi ailəsində vətənpərvər ruhda böyüməsi onu rəssam olmaq arzusundan əl çəkərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollanmasa maraq oyatdı.
2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır, 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medal ilə məktəbi fərqlənmə ilə bitirib. 3 bürünc, 5 gümüş 21 qızıl medal. 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim Tədris mərkəzini zabit olaraq bitirərək orduya yollanıb. 2010-cu ildə Qazax rayonun müdafiəsində Tank əleyhinə taqım komandiri kimi fəaliyyət göstərib. Şəmkir korpusuna Ordu yarışlarında 2 qızıl medal gətirib. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu 1-ci olaraq bitirib, kurs birinciliyi ilə Xüsusi Təyinatlı Qüvvələr mənsubu olaraq xidmətə başlayıb. Bir çox vəzifələrdə xidmət edərək döyüş tapşırıqlarında və Aprel döyüşlərində iştirak edib, Talış kəndi istiqamətində döyüşüb. 2017-ci ildə Türkiyə respublikasında "Beynəlxalq Dalğıc" (1-ci sinif dalğıc) kursunu bitirmiş, 2018-ci ildə isə bu dalğıc təcrübəsini təkmilləşdirmək məqsədilə Türkiyə respublikasında "1-ci sinif dalğıc təlimatçısı" (dalış amiri) kursunu müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa şəhərinin azad olunması zamanı Şuşaya ilk girən 3 bölmədən birinin komandiri olmuş. Şuşanın müdafiəsini tabor komandiri olaraq təşkil etmişdir. Xankəndi istiqamətindən bütün hücumların qarşısını o öz şəxsi heyəti ilə almışdır. Şuşa qalasının divarlarını şəxsi heyəti üçün sipər olaraq seçib düşmən öz məğlubiyyəti ilə barışana qədər Şuşanı əldə saxlamışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.