Xılxına
Xılxına — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xılxına kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Düzqışlaq kənd Sovetindən Xılxına kəndi Qarahəsənli kənd Sovetinin tərkibinə verilmişdir.
1808-ci ilə aid arxiv sənədlərində kəndin adı Xılxınna variantında qeydə alınmışdır. Oykonim xıl (tat. "dərə" deməkdir) və xınna ("xunan" sözünün tarixən dəyişmiş forması) komponentlərindən düzəlib, "xunan dərəsi" mənasındadır. Tarixi mənbələrin məlumatına görə, xunanlar hələ çox qədimdən Azərbaycanın qərb bölgəsində, Kür çayı boyunca yaşamışlar. Tədqiqatçılar Tovuz rayonu ərazisindəki Torpaqqalada və onun ətrafında qədim Xunan şəhərinin və Xunan qalasının yerləşdiyini iddia edirlər. Bu gün Tovuz rayonu ərazisində mövcud olan Xunanyurd, Xunanarx, Xunanyol, Xunan təpəsi, Xunan dərəsi, Xunan düzü, Ulu Xunan düzü, Xınnakirən, Hunanlar kimi coğrafi obyektlər xunanların bu ərazidə yaşadıqlarından xəbər verir. Mənbələrə görə, monqol istilaları zamanı Xunan şəhəri viran edilmiş, əhalisi Tovuzun başqa yerlərinə səpələnmişdi. Xunan qaçqınlarının bir hissəsi Xınna dərəsi adlanan ərazidə məskunlaşmışdı.