Zığ gölü
Zığ gölü — Abşeron yarımadasında göl.
Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Gölə axıdılan məişət tullantı sularının illik həcmi 1826 min kub m, sənaye (neft, qaz) tullantıları isə 73 min kub m-dir.
Götürülmüş su nümunələrinin analizlərinin nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, maqnezium 42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimin pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan 1,6 dəfə aşağıdır.
Çirkləndirici maddələrdən yüksək miqdarda kadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5 dəfə yüksəkdir. Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq), neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta qiymətləndirmək olar.