Ümmi İsa
Ümmi İsa — Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri olan, türk dilli ədəbiyyatda ilk "Mehri və Vəfa" hekayəsinin müəllifi. Bir sıra tədqiqatçıların fikrincə Ümmi İsa Azərbaycan türkcəsində yazmış ilk şairdir.
Təzkirələrdə adına və doğum tarixinə rastlanmayan şairin yaşadığı dönəm haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Şairin adının İsa olduğunu biz yalnız öz əsərindən öyrənirik:
Ümma, İsa, necə bir bu qeyli-qal,
Dilə haqdan kim, qılasan ittisal.
Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, professor Yaqub Babayevə görə əsərin pоetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII–XIV yüzilliklərdəki ana dilli epik sənət nümunələrini xatırladır. Babayev "Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər)" adlı kitabında yazır:
XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir.