Şahbaba Məcidov
Şahbaba Yaqub oğlu Məcidov (9 may 1920, Şin, Şəki rayonu, Azərbaycan SSR) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı.
== Həyatı ==
Şahbaba Yaqub oğlu Məcidov 9 may 1920-ci ildə Şəki rayonunun Şin kəndində anadan olub. Orta təhsilini kənd məktəbində aldıqdan sonra, 1937-ci ildə Şəki şəhəri V.İ. Lenin adına Pedaqoji Texnikuma daxil olub. Texnikumun III kursunda təhsil alarkən həqiqi hərbi xidmətə çağırılıb və Qızıl Ordu sıralarında xidmət edib.
Məcidov Böyük Vətən Müharibəsi illərində Ukraynanın Sumı vilayəti Romnı şəhəri yaxınlığında ağır yaralanıb və əsir düşüb. 1944-cü ilin sentyabr ayında İtaliyanın Ravenna vilayətində hərbi əsir düşərgəsindən başqa yerə aparılarkən yolda qaçıb və partizanlara qoşulub. 1944–1945-ci illərdə 28-ci Qaribaldi briqadasının 7-ci bölüyünün tərkibində vuruşub. Partizanlar arasında "Franko" ləqəbi ilə tanınırdı. 1945-ci ildə İtaliya Kommunist Partiyası sıralarına qəbul edilmişdir. Müharibədən sonra İtaliyanın Punta Marina kəndində ilk iri kooperativ yaradıb, 8 il ərzində burada sədr vəzifəsini icra edib.