Şəmil Sadiq
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur.
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir.
2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır.
"Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.
“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir.
"Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.