AFFA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur.
AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir.
== Tarixi ==
AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb. 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilib, yeni Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib.