Hypericum androsaemum
Boyaq dazı (lat. Hypericum androsaemum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
== Arealı ==
Afrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. May ayında çiçəkləyir, iyun-iyul (avqust) aylarında meyvə verir.