Camal ağa Dilbazi
Camal ağa Dilbazi "Giryan" (1860 – 1945, Qazax) — Azərbaycan şairi (XIX əsr(1860-1945),1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı.
== Həyatı ==
Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu.
Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ilə daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar.