Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı.
Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir.
Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.