Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019).
== Həyatı ==
Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib.
== Fəaliyyəti ==
=== Jurnalist kimi fəaliyyəti ===
Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb.
Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib.
90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.