Kassini-Hüygens (kosmik gəmi)
Çox zaman təkcə Kassini adlandırılan Kassini - Hüygens (Cassini - Huygens) kosmik - tədqiqat missiyası NASA, Avropa Kosmik Agentliyi (European Space Agency - ESA) və İtaliya Kosmik Agentliyinin (Italian Space Agency - ASI) birgə layihəsidir və planet Saturnu, onun halqaları və təbii peykləri daxil olmaqla Saturnun sistemini tədqiq etməyə göndərilmişdir. Flaqman sinfi kosmik gəmi həm NASA-nın Kassini zondundan, həm də Saturnun ən böyük təbii peyki olan Titana eniş edən ESA-nın Hüygens landerindən (lander-Aya və ya başqa planetlərə eniş etmək üçün dizayn olunan kosmik gəmi) ibarətdir. Kassini Saturnu araşdırmaq üçün göndərilən dördüncü, Saturnun orbitinə daxil olmağı bacaran ilk kosmik cihaz idi. Bu iki kosmik gəmi adlarını Giovanni Kassini və Kristian Hüygens astronomlarından almışdır.
15 oktyabr 1997-ci ildə Titan IVB / Centaur-dan xaricə çıxarılan Kassini təxminən 20 il kosmosda fəaliyyət göstərdi, 1 iyul 2004-cü ildə Saturnun orbitinə daxil olduqdan etibarən 13 il Saturnun orbitində fırlandı, planeti və sistemini öyrənməyə sərf etdi. Saturna səyahətə Venera (aprel 1998 və iyul 1999), Yer (Avqust 1999), 2685 Masurski asteroidi və Yupiterin (2000 dekabr) səthindən alçaqdan uçuş daxildir. Missiya 15 sentyabr 2017-ci ildə, Kassininin traektoriyası Saturnun yuxarı atmosferinə daxil olduqda və Saturnun təbii peyklərinin çirklənmə riskinin qarşısını almaq üçün yandırılmaqla sona çatdı. Missiya gözləntilərdən yüksəkdə uğura imza atdı - NASA-nın Planet Elm Bölməsinin direktoru Cim Qrin Kassini-Hüygens-i Saturn sistemi, təbii peykləri və halqaları, Günəş sistemində yaşamın harada ola biləcəyi anlayışı da daxil olmaqla insanların düşüncəsində inqilab edən "ilklərin missiyası" olaraq xarakterizə edir.
Kassini-nin tərtibatçıları əvvəlcə 2004-cü ilin iyunundan 2008-ci ilin mayına qədər dörd il müddətinə bir missiya təyin etmişdilər. Missiya Kassini Bərabərlik Missiyası (Cassini Equinox Mission) adı altında 2010-cu ilin sentyabrına qədər 2 il müddətində uzadıldı.