İBRAHİM
Allahın ən böyük peyğəmbərlərindən biri olmuşdur. Quranda o, “Xəlilullah” (Allahın dostu) adlandırılmışdır (Quran 4: 125). Rəvayətlərə görə İbrahim peyğəmbərin böyük oğlu İsmail ərəblərin əcdadı, Məhəmməd peyğəmbərin isə birbaşa ulu babasıdır. İbrahim peyğəmbərin kiçik oğlu İshaq isə Bəni İsrailin ulu babası hesab olunur. Rəvayətlərə görə İbrahim peyğəmbər Mesopotamiyanın Ur şəhərində (indiki Türkiyənin Urfa şəhəridir) doğulmuşdur.
Orada sami qəbilələri olan kəldanilər yaşayırdılar. İbrahim onların peyğəmbəri olmuşdur.
Bəzi Quran təfsirçilərinə görə Quranın 6-cı surəsinin 74-cü ayəsində adı İbrahim peyğəmbərin atası kimi çəkilmiş, bütlər düzəldib satmış Azər, əslində onun əmisi və ya atalığı olmuşdur. Birinci əri Taruhdan hamilə olan İbrahimin anası Əminə isə onun ölümündən sonra Azərə ərə getmişdir. O zaman Babilin çarı Nəmrud olmuşdur.
O və onun xalqı bütlərə tapınırdılar.
Günlərin birində bir falçı Nəmruda ölkəsində doğulacaq bir oğlan uşağının onun çarlığına son qoyacağı və yeni dinin yaradıcısı olacağı xəbərini vermişdir. Bunu eşidən Nəmrud bütün yeni doğulmuş körpələrin öldürülməsi, hamilə qadınların isə zindanlara atılması əmrini vermişdir. O zaman İbrahimin anası hamiləliyin ilk aylarında idi və onun halı zahirdən müşahidə edilmirdi. Buna görə də, o təqiblərdən canını qurtara bilmişdir. Əminə əri Azərə onun hamilə olmasını heç kimə deməməyini xahiş etmişdir. Doğum vaxtı gəldikdə isə Əminə şəhər kənarına gedib oradakı bir mağarada İbrahimi doğmuşdur.
Uşağı orada qoyub geri qayıdan Əminə, Azərə körpənin doğum zamanı öldüyü xəbərini vermişdir. Bundan sonra o, bir neçə il gizli olaraq mağaraya getmiş, İbrahimi bəsləyərək geriyə qayıtmışdır. Azər İbrahimin sağ olması haqqında çox gec xəbər tutmuşdur.
Yetkinlik yaşına çatmış İbrahim dünya, onun yaradılışı haqqında çox düşünüb, Yaradıcının var olması qərarına gəlmişdir.
Beləliklə, o, Allaha iman gətirmişdir (Quran, 6: 76-79).
Daha sonra gənc İbrahim xalqının yanına gəlib bütpərəstliyə qarşı açıq çıxışlar etməyə başlamışdır (Quran, 21: 52-56). Bunu görən bütpərəstlər onun əməllərinə görə Azərə şikayət etmişdilər. Ancaq, Azər İbrahimi tutduğu yoldan çəkindirə bilməmişdir. Beləliklə, İbrahim Allahın elçisi olmuş kəldaniləri doğru yola və imana dəvət etmişdir. Onları bütpərəstliyi buraxmağa və bir olan Tanrıya inanmağa səsləmişdir. Allah vəhylərini İbrahimə “sühufda” nazil etmişdir.
Daha sonra İbrahim peyğəmbər xalqa tapındıqları bütlərin gücsüz və mənasız olduqlarını göstərmək istəmiş, bu istəyini də kəldanilərin keçirdikləri bir böyük bayramlarında həyata keçirmişdir. Azər İbrahimin şəhər ətrafında keçirilən bu bayrama getməməsini istəmişdir. O isə xəstə olduğunu bəhanə edərək şəhərdə qalmış, insanlar gedəndən sonra məbədə girib bütün bütləri darmadağın etmişdir. Yalnız baş tanrının bütünə toxunmamışdır. Geri qayıdan şəhərlilər tapındıqları bütlərin dağıdıldığını görüb, İbrahimdən bunu kimin etdiyini soruşmuşdurlar. İbrahim də təklif etmişdir ki, bu sualı baş tanrı hesab etdikləri bütdən soruşsunlar (Quran, 21: 63-67). Bu hadisə haqqında Nəmrud bildikdən sonra o, İbrahimi öz yanına çağırmışdır. İbrahim peyğəmbər sarayına gedərək onu Allahı tanımağa çağırmışdır. Ancaq özünü tanrı hesab edən Nəmrud İbrahim peyğəmbərin çağırışına səs verməmişdir (Quran, 2: 258).
Bundan sonra azğınlaşmış Nəmrud İbrahimi tutub diri-diri tonqalda yandırılmasını əmr etmiş, ancaq Allah onu qorumuş, atəşdə onun yerini sərin etmiş və onu hamının gözü önündə xilas etmişdir (Quran, 21: 69). Bundan sonra Allah bu azmış xalqa böyük əzablar vermişdir. Onlar həşəratların basqınlarına uğramışdırlar. Bu həşəratlardan biri Nəmrudun burnundan beyninə keçərək ona dözülməz əzablar vermişdir. Daha sonra İbrahim kəldanilərin yurdundan uzaqlaşaraq cənubda yerləşən Hərrana getmişdir. Onunla birlikdə həyat yoldaşı Sara, eləcə də qardaşı oğlu Lut da getmişdir. Onlar bir müddət Hərranda qaldıqdan sonra Şama (Suriyaya), daha sonra oradan Misirə getmişdirlər. Yolda olarkən İbrahim peyğəmbərin qardaşı oğlu Luta peyğəmbərlik verilmiş, o da Sədum şəhərində qalmışdır.
O dövrdə Misiri olduqca azğın və dinsiz bir Firon idarə edirdi. O İbrahim və Saraya qarşı əxlaqsız davranmışdır. Ancaq bir möcüzə baş verdikdən sonra onlara toxunmamışdır.
Üstəlik o, Saraya Həcər adlı bir qadını qulluqçu verərək onları sərbəst buraxmışdır.
Sara Həcərlə birlikdə İbrahimin yanına qayıtdıqdan sonra onlar Fələstinə gedib orada yaşamışdırlar. Burada maldarlıqla məşğul olan İbrahim varlanmışdır. Vaxt keçdikcə başqa adamlar da buraya köçmüş, bu yeri abadlaşdırmışlar. Daha sonra İbrahim və onun ailəsi Suriyaya köçmüşdürlər.
İbrahim peyğəmbərin uşaqları olmadığına görə Saranın razılığı ilə o qulluqçusu Həcərlə evlənmiş, bu evlilikdən İsmail adlı bir oğlan doğulmuşdur. Bundan sonra Saranın qısqanclığına görə Allah İbrahim peyğəmbərə Həcərlə İsmaili indiki Məkkə torpaqlarında yerləşən susuz bir qızmar çöllüyə aparmasını buyurmuşdur. O da, Tanrının əmrini yerinə yetirmiş onları Hicaza apararaq orda tərk edərək geri qayıtmışdır.
Susuz çöllükdə körpəsi ilə tək qalan Həcər təlaşlı bir vəziyyətdə Məkkədəki Səfa və Mərvə təpələri arasında su axtarmağa başlamışdır. Bu an Cəbrayıl yerə enmiş və ayaqları (ya da qanadı) ilə yerə vurmuş və vurduğu yerdən su fışqırmışdır. Bu bulaq Zəmzəm adlandırılmışdır. Beləliklə, Həcər və oğlu İsmail Məkkədə qalmış və zaman keçdikcə o yerlərə başqa qəbilələr də gəlmişdir.
İsmail dünyaya gəlməmişdən öncə İbrahim peyğəmbər onun oğlu doğularsa, onu yetkinlik yaşına çatdıqdan sonra Allaha qurban verəcəyinə söz vermişdir. İsmail yetkinlik yaşına çatdıqda atası Məkkəyə gəlmiş, onu qurban vermək istəmişdir. Ancaq bu an möcüzə baş vermiş, Allah İbrahimə qurban kimi bir qoçu kəsməyi əmr etmişdir.
Bu hadisələrdən sonra İbrahim peyğəmbərin onun birinci xanımı Saradan da İshaq adlı oğlu doğulmuşdur.
Daha sonra rəvayətlərdə İbrahim peyğəmbərin tez-tez Həcər və oğlu İsmailin yanına Məkkəyə getdiyi haqqında məlumat verilir. Orada o, İsmaillə birlikdə Kəbəni inşa etmişdirlər. Tikinti işləri başa çatdıqdan sonra, İbrahim İsmail ilə birlikdə həcc mərasiminin qaydalarını təsis etmiş və bu ibadəti yerinə yetirmişdirlər. Rəvayətlərə görə İbrahim Qüdsdə 175 yaşında vəfat etmişdir.