Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
== Tarixi ==
=== Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ===
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir.
1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir.
Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib.
TQDK-da 4 şöbə fəaliyyət göstərib:
Təşkilat şöbəsi
Sorğu-suallar şöbəsi
Kompüter əməliyyatları şöbəsi
Maliyyə-inzibati şöbəKomissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib.
=== Dövlət İmtahan Mərkəzi (DİM) ===
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.