Lütfəli Abdullayev
Lütfəli Əmir oğlu Abdullayev (9 (22) mart 1914, Nuxa – 9 dekabr 1973, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor.
== Həyatı ==
Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.