Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi.
== Həyatı ==
Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.
Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.
Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.
Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.