Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir.
Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir.
Mənaqibnamələri araşdıran tarixçi A. Y. Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir.
Təsəvvüf tarixçisi H. K. Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da, onlarda çox vaxt etibarlı məlumatlar da görülür. Odur ki, təsəvvüfi şəxsiyyətlərin həyatları tədqiq edilərkən, kəramətlərlə bəzədilmiş ifadələrlə dolu olan bu əsərlərdən uzaq qalmaq mümkün deyildir" – deyir.