Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış.
== Tarixi ==
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.
Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.
İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb.