Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı (25 yanvar 1926, Bakı) — Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990).
== Həyatı ==
Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir.
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955–1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.
Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.
1959–1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.
1970–1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.