Nəsibə Mahmudbəyova-Vəlizadə
Nəsibə Mahmudbəyova-Vəlizadə — pedaqoq, Azərbaycan SSR "Xalq maarif əlaçısı" (1971).
== Həyatı və fəaliyyəti ==
Nəsibə xanım Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə 28 mart 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Onun ata babası Hacı İbrahimxəlil bəy Şamaxının ziyalı, mötəbər şəxslərindən idi. O, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyovun, mühəndis, Azərbaycan Milli Şurasının üzvü Ələsgər bəy Mahmudbəyovun qardaşı qızıdır.Nəsibə xanımın atası Seyfulla bəy Şamaxının hörmətli insanlarından idi. Seyfulla bəyin dörd oğlu, üç qızı olmuşdur. Nəsibə xanım Seyfulla bəyin böyük qız övladı idi. 1918-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Nəsibə xanımın ailəsi Bakıya köçməyə məcbur olmuşdur. Üç yaşında ikən atasını itirən Nəsibə xanım anası Töfənisə xanımın, böyük qardaşı Bəhram bəy Mahmudbəyovun himayəsində böyümüşdür.Nəsibə xanım Bakıda 7 illik məktəbi qurtardıqdan sonra 1926–1930 illərdə Bakı Pedaqoji Texnikumunu ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, M. F. Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsində oxumuş, 1937-ci ildə müəllimə ixtisası üzrə ali təhsil almışdır.Nəsibə xanım 1938-ci ildə uzun illər texniki peşə təhsilli sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış Azərbaycanın tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi Vəli Vəlizadə ailə həyatı qurmuşdur.
Nəsibə xanım 1939–1943 illərdə Bakı şəhəri, Çaparidze rayonu 3 və 2 saylı pedaqoji məktəbdə, 1948–1981 illərdə 7 saylı orta məktəbdə müəllimə işləmişdir.