Azərbaycan irsinin qorunması
Azərbaycan irsinin qorunması — Azərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması.
== Təbii irsin qorunması ==
Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır.
Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır:
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;
sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;
xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
beynəlxalq əməkdaşlıq.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur.
Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur.
=== Qoruqlar ===
Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir.