Feriköy qəbiristanlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq.
== Haqqında ==
Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar.
== Məzarlıqdakı azərbaycanlıların xatirəsi ==
2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb.