Molla Məhəmməd Saleh Mazandarani
Molla Məhəmməd Saleh Mazandarani (?-?)—XVII əsr İslam alimi.
İslam elm tarixində iz qoymuş alimlərin əksəriyyəti zahidanə həyat tərzi sürmüş, dünyanın rəngarəng nemətlərindən uzaq qaçmağa çalışmışlar. Əksəriyyət etibarilə bu alimlər cəmiyyətin kasıb təbəqəsindən çıxdıqları üçün nə atalarından onlara irs qalmışdı, nə də özləri var-dövlət yığmağa səy göstərirdilər.
Xüsusilə, məşhur alimlərdən bir çoxunun tələbəlik dövrü ciddi maddi məhrumiyyətlər içində keçmişdir. Bu gün adlarını ehtiramla çəkdiyimiz bu şəxsiyyətlərin bəziləri hətta təhsil zamanı çıraq və yanacaq almağa belə imkan tapmır, gecələr dərslərini ya Ay işığında, ya da ümumi yerlərdə yandırılan çıraqların yanında oxuyurdular. Alimlərdən birinin dediyi kimi, gərək tələbənin gözü dünyaya qarşı kor olsun, yəni fikrini yalnız oxumağa versin, əyləncə, yeyib-içmək, rahatlıq dalınca qaçmasın.
Miladi XVII əsrdə yaşamış məşhur alimlərdən biri də Məhəmməd Saleh Mazandarani idi.O, Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin yaxınlığında anadan olmuşdu. Məhəmməd Saleh Mazandarani gənclik illərində öz şəhərindən İsfahana təhsil almaq üçün gəlmişdi.. Amma o qədər kasıb idi ki, fərli-başlı geyimi də yox idi. Əbanın altından köhnə paltarlarını geyinir, üstdən əbaya möhkəm bürünürdü.