Sipahilər üsyanı (1857-1859)
Sipahi üsyanı — Hindistanda ingilis müstəmləkəçilərinə qarşı milli- qurtuluş mübarizəsi.
Üsyanın hərəkətverici qüvvəsi icma-kəndliləri və şəhər sənətkarları idi; hərbi qüvvəsi isə — əsasən əkinçi kastalardan təşkil olunan benqal ordusunun sipahi alayları; üsyana feodallar başçılıq edirdi. Şimali Hindistanda yerləşən benqal ordusunun tərkibində 21,4 min ingilis və 137,5 min hindli(112 min. piyada, 19,3 min süvari, 4,7 min topçu, 1,5 min sapör və minör) var idi. Üsyanın səbəbi: icma-kəndlilərinin üzərinə qoyulan və onların torpaqlarının itirilməsinə gətirən, verginin kəskin artırılması; sənətkarların, ingilis sənayesinin istehsal etdiyi məmulatlarla rəqabətə dözə bilmədiklərinə görə müflis olması; brahmanların vergi imtiyazlarının ləğv edilməsi; sipahilərin Benqaliyadan kənarda vuruşduqlarına görə aldıqları maaş artımından və başqa imtiyazlardan məhrum olunması; ingilislər tərəfindən iri feodallarının mülklərinin əlindən alınması; dini və kasta ziddiyətləri idi. 1857-ci ilin əvvəlində benqal ordusunda ingilislərə qarşı üsyan başladı. Fevral və martda üsyanlar Barrakpur şəhərində baş verdi. Sipahi alaylarında gizli özünüidarə orqanları yaranmağa başladı (pançayatlar), onların üzvləri ingilislərə qarşı ümumi üsyanın təbliğatını aparırdılar. Lakin üsyana hazırlıq pərakəndə gedirdi, ümumi mərkəz yox idi. Bilavasitə bəhanə isə, ingilis ordusunda Enfild tüfənginin tətbiq olunması idi.