Tövlədərə
Tövlədərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
Yaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır.
Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar.