Azərbaycanda köləlik

Azərbaycanda köləlikAzərbaycanda tarixən kölələrin (qulların) əməyindən istifadə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Alban çarlığı[redaktə | mənbəni redaktə et]

Qafqaz Albaniyası məbədlərində məbəd qulları işlədilirdi.[1] Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində "kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir".[2]

Məsqət (Maskut)[redaktə | mənbəni redaktə et]

"Hüdud əl-aləm"də verilən məlumatlara görə müstəqil şəhər olan Məsqətdən islam ölkələrinə çoxlu qul gətirilirdi.[3]

Şirvanşahlar dövləti[redaktə | mənbəni redaktə et]

IX əsrin ikinci yarısından Abbasilər xilafətinin zəifləməsi və tənəzzülə uğramağa başlaması, habelə onda mərkəzdənqaçma meyllərinin güclənməsilə əlaqədar bəzi vilayətlər ayrılaraq müstəqil məlikliklər yaratmağa başladılar. Şirvanın əhalisi feodal zadəganlardan, neftverən və şumluq torpaq, duzlu göl, bağ və üzümlük sahiblərindən, şəhər məmurları, tacir və ruhanilərdən, sənətkarlardan, şəhər rəiyyətindən, kəndlilərdən və qullardan ibarət idi.[3]

X əsrin ortalarında Şirvanşah Salar Mərzuban ibn Məhəmməd ibn Müsafirə ildə 1000 000 dirhəm xərac ödəyirdi.64 İbn Havqəlin yazdığına görə, vergi kimi qul, pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək əşyaları alınırdı.[3]

Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında olarkən hakimiyyət hərisliyi onun vəziri İbn əl-Mərağini başqa yolla hasilə gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə çəkdiyi həbsxanaya göndərib, onu öldürmək əmri vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər.[3]

Şirvanın və Arranın səlcuqlar tərəfindən istila olunması türk tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı.[3]

Niyalqala

X əsrin farsca anonim coğrafiyasında xəbər verilir ki, Şirvanşahın möhkəmləndirilmiş iqamətgahının yaxınlığındakı dörd kəndinin əkinçiliklə məşğul olan bütün azad edilmiş rəiyyəti (mövlayan) - kişilər və qadınlar - bir dağdakı qalada yaşayırdılar. Bu qala Niyalqala adlanırdı. Xatırlanan yer Şirvanın mis sənayesinin mərkəzi olan Lahıc ərazisində idi. Ə.Ə.Əlizadənin fikrincə, burada söhbət başqa yerə getməyə ixtiyarı olmayan yeni, təhkimli kəndliyə çevrilən qullardan gedir. İ.P.Petruşevskinin fikrincə burada söhbət Şirvanşahın yardarlıq kimi kiçik torpaq sahələri verilmiş azadlığa buraxılan kəndlilərdən gedir. Ehtimal etmək olar ki, "Hüdud əl-Aləm"də verilən bu məlumatda söhbət Şirvanşahın azad edilmiş rəiyyətlərinin, yaxud qullarının işlədiyi iri şəxsi təsərrüfatından gedir. Belə ki, ətəklərində azad kəndlilərin, yaxud qulların yaşadıqları və işlədikləri dörd kəndin yerləşdiyi dağ Şirvanşaha məxsus olub, ehtimal ki, mülk-i xass torpaqları kateqoriyasına daxil idi.[3]

XI-XIII əsrlərdə Beyləqanda satılan Şirvan və Dərbənd malları, əsasən, Şamaxıdan gətirilən qiymətli qunduz, samur, sincab xəzləri, qul və cariyələr, Şəbran və Şamaxı ipəyi, Bakı nefti, duz və sairdən ibarət idi.[3]

XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli "qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin" adlarını çəkir. "Əcaib əd-Dünya" əsərində Şirvan haqqında belə yazılır: "Adil Nuşirəvan (onu) abadlaşdırdı. Onun (Şirvanın) əhalisi qara papaq qoyur. Oranın malları: cariyə qızlar, türk qulları, qoyun, balıq və çoxlu qara neftdir". Əsir türkləri, kişi və qadınları Dərbənd, Şamaxı və digər şəhərlərin qul bazarlarında satırdılar.[3]

XI-XIV əsrlərdə feodal Şirvan cəmiyyətində müharibədə qoşunlar tərəfindən ələ keçirilib aparılmış əsirlərdən ibarət qullar müəyyən yer tuturdu. Qulları torpaqlara təhkim edirdilər. Qul əməyindən məişətdə və kənd təsərrüfatında ucuz işçi qüvvəsi kimi istifadə olunurdu. Qul bol olduğundan Dərbəndin məşhur qul bazarında onlar çox ucuz satılırdı. Məlumdur ki, XII əsrdə Dərbənd hakiminin Nizami Gəncəviyə xoşuna gəlmiş şerinə görə, ona hədiyyə göndərdiyi qıpçaq kənizi Afaq şairin arvadı olmuşdu. Qul türk qızları gözəllikləri ilə şöhrət qazanmışdılar. Qullar şəhərlərin və kənd yerlərinin ən məzlum əhali qrupu idi. Feodaldan asılı kəndlilərlə yanaşı qullar da şiddətli istismara məruz qalırdılar.[3]

1386-ci ildə Qarabağa, Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşt-i Qıpçağa gedən əmir Teymurun görüşünə gələn İbrahimin davranışı barədə məlumat verilir. O, monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul bağışladı və bildirdi ki, "doqquzuncu mən özüməm".[3]

Şirvanşah taxtına namizəd Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Mahmudun əmisi Şeyxşaha göndərdi.[3]

Osmanlı imperiyası[redaktə | mənbəni redaktə et]

Səfəvi-osmanlı müharibələri zamanı o vaxtadək heç vaxt baş verməmiş bir məsələ - İslam əhalisinin əsir götürülməsi hadisəsi (şive) baş verdi, o vilayətin seyidlərinin (sadat) və əyan-əşrafının qadın və qızlarının çoxu zorla köləliyə (rəqiyyət) düçar oldular.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Гафгаз Албанийасы илк орта ясрлярдя. Бакы, «Тящсил», 2006, 400 сящ.
  2. Алиев К.Г К вопросу о земледелии и скотоводстве в древней Албании//Учен. зап. ДагФАН СССР, т. 19 (серия обществ, наук), кн. 2, Махачкала, 1969
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Sara Aşurbəyli. Şirvanşahlar dövləti
  4. Dünyanı bəzəyən Abbasın tarixi