Azərbaycan xalq dini |
---|
Azərbaycan xalq dini[1] — azərbaycanlıların İslamdan kənar, müxtəlif dini xalq inanclarını əhatə edən anlayış. Bu inanclar İslamdan kənar olmalarına baxmayaraq, dinin bir hissəsi olaraq icra edilir. Bu anlayışı ifadə etmək üçün istifadə edilən digər adlandırmalar xalq İslamı[2][3], yerli İslam[4] və xürafatdır.
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[6]
Çar Rusiyası və sovet hakimiyyəti dövründə Azərbaycanda İslam bir din olaraq zəifləmişdir. Bu dövrdə İslam gücünü sadəcə yaşayış şəkli olaraq, adətlərdə və yerli İslamda saxlamışdır. Yerli İslamın güclənməsində əsas səbəb azərbaycanlıların Rusiya işğalı dövründə İslam dünyasından təcrid olunmasındadır. Beləliklə, İslam fundamentalizmi buralara təsir göstərə bilməmişdir. Sovet dövründə mollalar xalq İslamının ənənəvi hədislərini insanlara oxuyurdular.[7] 70 illik sovet hakimiyyətinə baxmayaraq, azərbaycanlılar öz dini inanclarını qoruyub saxlamışdır.[8]
2005-ci ildə 150-dən çox dini təşkilat və məscidin qeydiyyata alınması tənqid edilmiş, bunların insanların ziyarət etdiyi məbədlər olduğu qeyd edilmişdir. Bu qeydiyyatlar xalq dini yaratmaq cəhdi olaraq görülmüşdür.[9] Buna baxmaraq, Qafqaz Müsəlmanları İdarəsi heç bir zaman pirlər və müqəddəslər kultunu qınayan fətva verməmişdir.[10]
Azərbaycandakı sələfi dini görüşü də xalq İslamını, müqəddəs məbədlərin ziyarət edilməsi kimi ənənəvi dini görüşləri qəbul etmir. Xalq İslamının nümayəndələri sələfi baxış bucağına görə dindən çıxmış hesab edilir. Buna görə də Azərbaycanın şimalındakı Quba bölgəsində müqəddəs məbəd yandırılmış, yerli sakinlər bu addımı pisləmişdir.[3]
Azərbaycanlıların özünəməxsus dini inancları var. Azərbaycanlılar və Azərbaycanda yaşayan digər müsəlman xalqlar özünü müsəlman hesab edir, ancaq şamanizm, bütpərəstlik, zərdüştlük izləri daşıyan primitiv dini inanclara da sahib çıxırlar. Belə inanclara müqəddəs sayılan yerlərin ziyarət edilməsi, İslamla əlaqəsi olmayan dini ritualların həyata keçirilməsi daxildir.[11]
Primitiv dinlər bu formalarda üzə çıxır: daş, su, ağac, alov ritualları, kosmoqonik inanclar və s. Qeyd edilən rituallar animizm, sehr, totemizm və fetişizmlə yaxından bağlıdır. Etnoqrafik müşahidələr ruhlarla bağlı ritualların (animizm) hələ də davam etdiyini göstərir.[11] Yerli İslamda müqəddəslərə ehtiram göstərilməsi, şər ruhlardan qorunmaq üçün əfsun və həmaillərdən istifadə, sehrə, caduya inam müşahidə edilir.[4]
Azərbaycanlıların inancları İslama qədərki və İslamdan sonra olmaqla əsas 2 qrupa bölünür. Birinci qrup insan, kainat, varlıq haqqında insan təsəvvürlərini əhatə edir. İslamdan qaynaqlanan inanclar İslama qədərki inancların üzərinə sanki bir İslam "örtüyü" keçirmişdir.[12] Tanrının İslamda tutduğu mövqeyə görə, onun yaratdıqları şeylərə and içilməsi azərbaycanlıların inanclarında mövcuddur. Andlara misal olaraq, Allah haqqı, göy haqqı, duz haqqı, çörək haqqı, nemət haqqı, yer haqqı göstərilə bilər.[13]
Azərbaycanda ölülər üçün ehsan verilir. Ölünün üçü, yeddisi, qırxı, həmçinin cümə günü müqəddəs hesab edilib, qeyd edilir, halva pişirilir (Həmçinin bax: Adına günü). Ölünün ruhu həmin halvadan şad olur. Azərbaycanlıların qeyd etdiyi Novruz bayramı İslamdan kənar olsa da, onunla birləşdirilmişdir. Novruz bayramında azərbaycanlılar qəbiristanlığı ziyarət edər, qəbirüstü mərasimlər keçirərlər. Bu zaman Quran oxunar, ehsan verilər.[13]
Evə gələn gəlinin ayağının dibində qurban kəsilməsi adəti vardır. Digər hallarda, yeni doğulan uşaq üçün, arzuların yerinə yetməsi, xəstənin şəfa tapması, yurd xoşbəxtliyi üçün qurban kəsilir.[13]
Ziyarətgahların yaradılmasının səbəblərindən asılı olmayaraq, müqəddəs insan vasitəsilə sitayiş edilən varlıq Tanrıdır. Azərbaycanda ağac, daş, su və digər obyektlərlə bağlı olan və ya müqəddəs insanların şərəfinə ucaldılmış pirlər mövcuddur. Müqəddəs şəxslər ya hörmət edilən adamlar idi, ya da sehrli güclərə malik olduqlarına inanılırdı.[11]
Ziyarətçilər pirin ətrafında 3 və ya 7 dəfə dönürlər. Pirsaat pirində mis qabdakı isidilmiş su ilə bədənin ağrıyan hissəsinin isladılması, kiçik daşın həmin hissəyə sürtülməsi həyata keçirilir. Buna baxmayaraq, su və alov ritualları ilə birlikdə Quran kitabı da ziyarətgahlarda oxunur, primitiv ayinlər də, İslam mərasimləri də icra edilir. Burada qurban kəsilir. Azərbaycan pirlərində qədim astral dinlərin, zərdüşlük, xristianlıq və İslamın bəzi xüsusiyyətləri mövcuddur.[11]
Pirləri ziyarət edən şəxslər üçün buralar məscidlərdən ayrı bir yer deyil. Məscidlər rəsmi və ya ortodoks İslamın məkanları olaraq təsnif edilmir. İctimai baxışda belə bir fərq yoxdur. Müqəddəslərin qəbrində dua etmək məsciddə dua etmək qədər dini bir fəaliyyətdir. Bu, daha çox ailəvi və yerli ənənələrə, seçimlərə bağlıdır. Hətta, Azərbaycandakı İslam din xadimləri də dində ziyarətə yer olduğunu fikirləşir.[14]
Bəzi uşaqların gələcəyi gördüyü, olacaq hadisələri hiss etdiyi düşünülür.[15] Bundan başqa yuxuda bəzi simvolların görülməsinin işarə olduğu, bəzi insanlara sirr verildiyi və onların yuxularında həqiqəti gördüyünə inanılır. Bu haqq vergisi hər insana verilmir, sadəcə bəzi nəsillərin bütün üzvlərinə verilir. Belə şəxslər "yuxuda badə içmişlər" adlandırılır. Bu cür ailələrin oğlanlı-qızlı bütün üzvlərində müəyyən bir yaşa gələndə xüsusi hallar müşahidə edilir.[16]
Azərbaycanda Qərb ulduzunu və ya Bəxt ulduzunu görən şəxs uğurlu qəbul edilir.[17] Nəzərdən qorunmaq üçün isə üzərlik yandırılır.[18]
Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: "Qodu, odu daşı. Odu kəssin yağışı." Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur.[19] Yağışı yağması üçün isə yeddi daş ipə bağlanıb suya atılar, ucu qarağac və ya fındıq ağacına bağlanılar.[20]
Ayın 3 günlüyündə subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər. Ay vasitəsilə gələcəyi görmə inancları Azərbaycandan başqa Şərqi Anadoluda da yayılmışdır.[21] Qisməti təyin etməyin digər bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falı və ya yeyilən almanın toxumlarının yastıq altına qoyulduqdan sonra görülən yuxudur.[22][23]
Almanın məhsuldarlıq qüvvəsi ilə bağlı inanc azərbaycanlıların ritualında qorunub saxlanmışdır. Bəy gəlin evə girməzdən əvvəl onun başına alma atar. Alma hissələrə bölünmüş olduğu üçün gəlini ağrıtmaz, gəlinə dəyib parçalara ayrılar. Beləliklə, bir alma 5–6 parçaya (uşağa) bölünər.[24]
Zifaf gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.[20] Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir.[21] Hamiləlik rahat keçsin deyə qoca Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə Bilici qadının buyruğu ilə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər. Doğumdan sonra insanlar bıçaq itiləməyi dayandırarlar.[25]