Çandarlı Əli Paşa

Çandarlı Əli Paşa (ö. 18 dekabr 1406) — Osmanlı sultanı Murad Hüdavəndigar, İldırım BəyazidƏmir Süleyman Çələbi dönəmlərində baş vəzir olmuş, qazəsgər vəzifəsində xidmət etmiş dövlət xadimi. Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi.[1]

Çandarlı Əli Paşa
Çandarlılar türbəsi, Bursa, İznik (sağda atası Çandarlı Xeyrəddin Paşa, solda Əli Paşa)
Çandarlılar türbəsi, Bursa, İznik (sağda atası Çandarlı Xeyrəddin Paşa, solda Əli Paşa)
22 yanvar 1387 – 18 dekabr 1406
ƏvvəlkiÇandarlı Xeyrəddin Paşa
Sonrakıİmamzadə Xəlil Paşa
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1406
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Çandarlı Qara Xəlil Xeyrəddin Paşa
Ailəsi Çandarlılar
Dini sünni islam

Sultan Murad dönəmi

[redaktə | mənbəni redaktə et]

Atası Murad Hüdavəndigarın baş vəzirlərindən Çandarlı Xeyrəddin Paşa, anası isə İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızıdır. Doğum tarixi və yeri haqqında məlumat yoxdur. Ancaq mədrəsə təhsili aldığı və üləma zümrəsinə daxil olaraq 1386-cı ildən öncə qazəsgərlik vəzifəsinə təyin edildiyi bilinir.

Murad Hüdavəndigarın Qaramanoğlu Ələddin bəy üzərinə tərtiblədiyi səfərə qatıldı. Ancaq Bursa yaxınlığında ikən atasının vəfatı xəbərini aldı və sultanın əmriylə atasının yerinə baş vəzirliyə gətirildi. Öncə Serezə qayıdaraq atasının cənazəsini İznikə gətirdi və dəfnin ardından Afyonqarahisarda orduyla birlikdə onu gözləyən Murad Hüdavəndigara qatıldı. Qaramanoğlunun sülh təklifini geri çevirdi və göndərilən birlikləri məğlub etdikdən sonra Konya qalasını mühasirəyə aldı. Ancaq Balkan yarımadasında Osmanlılara qarşı ayaqlanmanın güclənməsi və Qaramanoğlunda gəlin olan qızı Nəfisə Xatunun xahişiylə, Murad Hüdavəndigar mühasirəni qaldırdı və Çandarlı Əli Paşayla birlikdə öncə Bursaya, ardından Rumeliyə getdi. Bu əsnada bəylərbəyi Qara Timurtaş Paşa da vəzirliyə yüksəlmiş, iki vəziri bir-birindən ayırd etmək məqsədilə Çandarlı Əli Paşaya ilk dəfə vəziriəzəm (birinci vəzir) ünvanı verilmişdir.

Çandarlı Əli Paşa 30 min nəfərlik orduyla Balkan dağlarını aşıb 1388-ci ildə Bolqarıstana daxil oldu və qərbə doğru irəliləyərək Pravadi, Şumnu, Tırnova, Silistrə, Ruse bölgələrini ələ keçirdi. Bunun ardından Bolqar çarı İvan Şişman Yambolidə qurulan ordugaha gələrək yenidən Sultan Murada tabe olduğunu bildirdi.

Çandarlı Əli Paşa 10 avqust 1389-cu ildə baş tutan Kosova meydan müharibəsində Osmanlı ordusunun mərkəzində Murad Hüdavəndigarın yanında yer aldı. Tarixi mənbələrdə verilən məlumata görə, döyüş meydanında azlığın çoxluğa qalib gəlməsiylə bağlı ayəti (Bəqərə surəsi 2–249) oxuyaraq əsgərlərin mənəviyyatını gücləndirmiş, ordunun sol cinahının zəifləməsinin ardından Şahzadə Bəyazidlə birllikdə yardıma gedərək şəxsən döyüşmüşdür.

İldırım Bəyazid dönəmi

[redaktə | mənbəni redaktə et]

Bu müharibənin ardından döyüş meydanında şəhid edilən Murad Hüdavəndigarın yerinə taxta çıxan İldırım Bəyazidin səltənətin boyunca vəziriəzəmlik vəzifəsində qaldı. 1391-ci ildə tərtiblənən Konstantinopol mühasirəsində iştirak etdi. 1396-cı ildə Niqbolu döyüşündə Şahzadə Süleymanla birlikdə ordunun sağ cinahında yer aldı. Əmir Teymurun Anadoluya yaxınlaşmasının ardından ona qarşı Bizans imperiyasıyla ittifaq qurulmasında mühüm rol oynadı.

Əmir Süleyman Çələbi dönəmi

[redaktə | mənbəni redaktə et]

1402-ci ildə Ankara müharibəsindəki məğlubiyyətin ardından yeniçəri ağası Həsən ağa, vəzir Murad Paşa və Şahzadə Süleymanla birlikdə qaçaraq Bursaya sığındı. Ardından Mərmərə dənizini keçərək Şahzadə Süleymanla birlikdə Ədirnəyə gəldi.

Şahzadə Süleymanın Bizans imperatoruyla ittifaq qurub taxta çıxmasının ardından vəziriəzəmlik vəzifəsində qaldı və bütün Rumelinin yeni sultana tabe olmasını təmin etdi. Fetrət dönəmində Əmir Süleyman Çələbiylə birlikdə Anadoluya keçərək öncə Bursanı, ardından hiyləylə Ankara qalasını ələ keçirdi. Qardaşlar arasındakı mübarizənin gücləndiyi ərəfədə Qaramanoğlu Nəsrəddin bəylə ittifaq quran Çələbi Mehmedə qarşı Əmir Süleyman Çələbini döyüşməyə razı saldı. Ancaq Ankara yaxınlığında döyüş hazırlığı ərəfəsində 18 dekabr 1406-cı ildə vəfat etdi. Cənazəsi İznikə aparılaraq atasının türbəsinə dəfn edildi.

  1. İnalcık, 2011. səh. 121
  • Âşıkpaşazâde, Târih, s. 67–78, 188.
  • Neşrî, Cihannümâ (Unat), I, 221 vd., 290–292, 330; II, 479.
  • Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 103, 105, 118, 148–149, 169, 235, 241–243.
  • Âlî, Künhü’l-ahbâr, İstanbul 1277, V, 74, 135, 158, 160.
  • Hammer (Atâ Bey), I, 239, 286; II, 99–100.
  • İ. Hakkı Uzunçarşılı, Çandarlı Vezir Ailesi, Ankara 1986, s. 31–45.