Zindan qalası və ya Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır.[2] Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub.[3] Burada hətta 1903–1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.[4] Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur.[5]
Zindan qalası | |
---|---|
38°45′03″ şm. e. 48°51′22″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Yerləşir | Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsi |
Aidiyyatı | Lənkəran xanlığı |
Tikilmə tarixi | 1747-1786 |
Vəziyyəti | Qəzalı |
İstinad nöm. | 4810[1] |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib[6]. Qalanın oxşarı olan ikinci tikili hazırda mayak kimi fəaliyyət göstərən Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar. Bəzi mənbələrə görə hər iki qala Lənkəran qalasının dayaq məntəqləri kimi Nadir şahın əmri ilə tikiliblər.[7] Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Lənkəran rus qoşunları tərəfindən işğal edildikdən sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilmişdir. Dairəvi qaladan həbsxana kimi istifadə edilməyə başlanılmışdır. Digər qalanın isə başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır.[2]
1869-cu ildən etibarən Dairəvi qaladan zindan kimi istifadə edilməyə başlanılır. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil.[3] Dairəvi Qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.[8] Dairəvi qala ilə Lənkəran mayakının ətrafındakı olan hasarlar Lənkəran qalasının ön hissəsini təşkil edirmişlər. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da burada 310 nəfərə qədər məhbus saxlanılıb.[3] XX əsrin əvvəllərində İosif Stalin də poçt qatarına silahlı qarətin təşkili ilə bağlı həbs edilərək bu həbsxanada saxlanılır. Lakin sonradan yoldaşlarının köməyi ilə buradan da qaça bilir.[9] Sovet işğalından sonra da 1956-cı ilə qədər qaladan həbsxana kimi istifadə edilib.[10] Məhz buna görə də qalaya Zindan qalası da deyilir. 1970–1990-cı illər arasında qalada tikiş sexi yerləşib.[3]
Azərbaycan yenidən müstəqil olduqdan sonra isə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. Dairəvi qala 2006-cı ildə Regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Əsaslı təmir iki il davam edib.[11] Təmirdən sonra burada şəkil qalereyası yerləşib.[3] Sonradan 2015-ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb.[2]
Tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.[2]