Böyük Bazar məscidi — Azərbaycanın Lənkəran şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1864-cü ildə Böyük bazar məhəlləsində tikilib.
Böyük Bazar məscidi | |
---|---|
38°44′57″ şm. e. 48°51′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Yerləşir | Böyük bazar məhəlləsi |
Tikilmə tarixi | 1864 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4805 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Böyük Bazar məscidi 1864-cü ildə Lənkəran şəhərində Böyük bazar məhəlləsində tikilib.[1][2] Məscid Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük bazar məhəlləsində yaşayan camaatın topladığı vəsait hesabına tikilib.[3] Adını isə yerləşdiyi məhəllədən alıb. Memarı Usta Hadı olub.[4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[5] Böyük Bazar məscidi də bağlanıb, binadan anbar, kitabxana və şəkil qalereyası kimi istifadə olunub.[2] 1929-cu ilədək məscidin həyətində Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin, Hacı Ələsgərin və Hacı Hacıağa Əkbərovun adına olmaqla ümumi 6 təkyəsi olub.[6][7] 1930-cu illərdə Hacıağa Əkbərovun təkyəsi xaric digər təkyələr, 1938-ci ildə isə məscidin azan vermək üçün olan güldəstəsi dağıdılıb.[7] Məscidin binasında 1938-ci ildən 1980-ci ilə qədər çörək zavodu, 1980-ci ildən 1990-cı ilə qədər isə şəkil qalereyası yerləşib.[7][8]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9] 1995-ci ildə yerli əhalinin təşəbbüsü ilə məscidin yanında 36 m hündürlüyündə minarə tikilib.[7] Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.[10]
Məscidin uzunluğu 31,5 metr, eni 12,7 isə metrdir.[7] İnşasında meşə məmulatlarından və bişmiş kərpicdən istifadə olunub. Üstü isə kirəmitlə örtülüb. Sahəsi 500 kv. metr, tutumu 550 nəfərdir.[11] Tavanı düzbucaqlı formadadır və 6 sütun üzərində dayanır.[12] Məscid əsas və yardımçı binalardan ibarətdir.[13]