Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Talış xanlığı[2][3] (tal. Tolışə xanəti) (fars. خانات تالش) — Azərbaycan xanlıqlarından biridir. Ərazisi təxminən 8000 kv. verst idi.[4] Talış xanlıq 6 mahala bölünürdü. Bunlar, Ərkivan, Dərin, Alar, Məringül, Zuvand və Sepidac idi. 235 kəndi birləşdirən xanlıqda təxminən[4] 40 minə yaxın əhali yaşayırdı.
Xanlıq | |||
Talış xanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Astara, Lənkəran | ||
Dilləri | fars dili, Azərbaycan dili, talış dili | ||
Rəsmi dilləri | Talış dili, Fars dili, Azərbaycan dili | ||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xanlar | |||
• (1736–1736) | Qızılağaclı Musa xan | ||
• (1736–1747) | Seyid Abbas bəy | ||
• (1747–1786) | Qara xan | ||
• (1786–1812) | Mir Mustafa xan | ||
• (1812–1826) | Mir Həsən xan | ||
Vikianbarda əlaqəli mediafayllar |
Talış tarixi |
---|
Xrolonogiya |
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının indiki Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan ostanının Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi.
Sərhədləri təxminən şimaldan Bolqarçayın, şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə, cənubdan və qərbdən İran sərhədlərinə qədər bir ərazini əhatə edirdi. Belə ki, Talış xanlığı şimal-şərqdə Quba xanlığına tabe olan Salyan sultanlığı ilə, şimalda ərazisi sonradan Şamaxı xanlığı ilə Qarabağ xanlığı arasında bölüşdürülmüş Cavad xanlığı ilə, şimal-qərbdə Qaradağ xanlığı ilə, qərbdə Ərdəbil xanlığı ilə, cənubda isə Gilan xanlığı ilə həmsərhəd idi.
Talış xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndi, sonra Astara, sonda isə Lənkəran şəhəri olmuşdur.
№ | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | Qızılağaclı Musa xan | ?-1736 |
2 | Seyid Abbas bəy | 1736–1747 |
3 | Cəmaləddin Mirzə bəy | 1747–1786 |
4 | Mir Mustafa xan | 1786–1812 |
5 | Mir Həsən xan | 1812–1826 |
Talış xanları sülaləsinin mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu "Əxbarnamə" (1882) əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran" əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə).
Seyid Əli Kazım bəy oğlu 1869-cu ildə yazdığı "Cəvahirnameyi Lənkəran" əsasərində II Şah Abbas Səfəvinin (1642–1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Həzrəti Məhəmməd peyğəmbərdir. Yəni Seyid Abbas Məhəmməd peyğəmbər 32-ci nəsil şəcərəsidir, dolayısı ilə mənşəcə ərəb olmuşdur.
Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu — XVIII əvvəllərində Güney Azərbaycandan Talış mahalına – Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evləndi. Onunla izdivacdan Seyid Abbas bəyin Seyid Cəmaləddin bəy adlı oğlu dünyaya gəldi. Seyid Abbas bəy və Əsəd bəy 1736-cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara yüzbaşı rütbəsi verilmişdi. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1747-ci ildən 1786-cı ilədək Lənkəran xanı oldu) deyirdilər. O, Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixlə 1154-cü ildə (miladi tarixlə 1741/1742-ci ildə) Nadir şah tərəfindən irsi "xan" titulu ilə mükafatlandırılmışdı.
Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi, daimi qoşun təşkil etdi. O zaman Talış xanlığının ərazisindəki torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. İran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.
Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol oynayırdı. Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana köçürdü. Bu zaman Talış xanlığına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand, Sebican, Vəryadüz və Biləsuvar daxil idi. Talış xanlığında Astara, Lənkəran, Muranqul, Ərkivan, Dəştvənd (Masallıdan Nefçalaya kimi), Ucarud, Dırıq, Sırıq, Zuvand, Pirand, Orand mahalları mövcud idi.
Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirtmişdi. O, şəhərin qala divarlarını, xan sarayını, məscid, hamam, bazar, karvansara inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edirdi. İki mərtəbədən ibarət olan saray başdan başa şəbəkəli olub, rəngarəng şüşələrlə bəzədilmişdi.
Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi, onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında əhəmiyyətli rol oynamışdı.
Astara mahalnın yarısı, Əsalim mahalı, Ucarud mahalı, Vilgic mahalı, Qorqanrud mahalı İranın tərkibində qalıb.
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu, bəzi İran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Lənkərana daxill oldu, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbəlayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Talış xanlığı qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib, güclü bir dövlət yaratmaq istəyirdi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə başladı.
1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786–1814). Bu dövr xanlıq üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar İranda da öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücüma başladı. O, bütün Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd etdi. Yaranmış vəziyyətdən istifadə edən Rusiya hökuməti Qafqazda, xüsusilə Azərbaycanda öz mövqelərinin gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq İrana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi. Buna baxmayaraq Qacar öz qoşunlarını 1795-ci ildə həm İrəvan, həm də Lənkəran istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Lənkərana qayıdan Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsində qəbul edilməsi haqqında Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.
Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi, Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796-cı ildə II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxuldu. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu.
İran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərdi. Əhali Lənkəranı tərk edib Sarı adasına köçdü. Bu Rusiyanı narahat etməyə bilməzdi. 1813-cü il yanvarın 1-də günəş doğduğu zaman General Kotlyarevskinin komandanlıq etdiyi rus qoşunları hücuma başladılar və 3 saat davam edən qanlı döyüş nəticəsində 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq xan 4 min əsgəri ilə qəhrəmancasına savaşaraq şəhid oldu. Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki, əsl qətliam edərək şəhərin 16 min sakinini qətlə yetirdilər.
1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı da bir çox digər Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildi.
1814-cü ilin 26 iyulunda general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. Talış xanlığı 1826-cı ildə Rusiya tərəfindən işğal olundu və ləğv edildi. Sonuncu xan olan Mir Həsən xan 1831-ci il Lənkəran üsyanında ruslara qarşı qəhrəmancasına vuruşsa da tab gətirə bilməyib İrana sığınmalı oldu. 1832-ci ildə isə zəhərlənərək öldürüldü.
Talış xanlığı tarixi rol oynamış siyasi hakimiyyət idi. Bunu onun bir sıra qonşu xanlıqlarla, Rusiya ilə diplomatik əlaqəsi də göstərir.