Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir.
Sofi Həmid türbəsi | |
---|---|
| |
40°13′24″ şm. e. 49°25′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı,Qaradağ rayonu |
Yerləşir | Qaradağ rayonu |
İstinad nöm. | 107 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Sofi Həmid pirini Səngəçal və Umbakı qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş sahədə yerləşir.
Hümmət qoyunçuluq, Həmid isə dəvəçiliklə məşğul olub. El arasında öz sufi həyat tərzi ilə böyük mərifət sahibi kimi şöhrət tapmış Həmid bütün varlığı ilə sufizmin təbliğçilərindən olub. Yerli sakinlərin söylədikləri fərziyyələrə görə, Sofi Həmid Azərbaycana Ərəbistandan gəlmişdir. O, öz müridlərinə vəsiyyət edib ki, onu dəvənin yatacağı yerdə dəfn etsinlər. Müridlər onun vəsiyyətinə əməl edirlər və tezliklə bu məzar pirə çevrilir. Məzarı üzərindəki daş hasara alınmış ərazidə əbədiyyət rəmzi olan ağ dəvə heykəli ona inam gətirənlərin məhəbbət ifadəsi hesab edilir. Sofi Həmid pirini məşhurlaşdıran əlamətlərdən biri də ətrafdakı qəbiristanlıqda olan əlvan boyalı məzar daşlarıdır. Dünyada bəlkə də oxşarı olmayan bu məzar daşları öz forma, naxış və rənglərinə görə "sirr dağarcığı" timsalındadır.
Gözdən-könüldən uzaq bu ziyarətgaha-Sofi Həmid türbəsinə üz tutanlar arasında çoxluğu ana olmaq arzusuyla yaşayan qadınlar təşkil edir. İnanca görə, bu məkana pənah gətirmiş insanlar bir qədər aşağıda təfərrüatı ilə açıqlanan ritualın daha təsirli alınması üçün onu 3 dəfə etməlidirlər.
Rəvayətə görə, Sofi Həmid XIV əsrdə bu regiona molla kimi gələn bir ərəb taciri olub. Ölümünün yaxınlaşdığını anlayanda öz səyahət yoldaşlarından xahiş edir ki, onu dəvəsinin dayandığı yerdə dəfn etsinlər. Yoldaşları Sofi Həmidin vəsiyyətini yerinə yetirirlər. Deyilənlərə görə, hazırda ziyarətgahın həyətinin ortasında qərar tutan ağ dəvə heykəli elə tacirin dəvəsinin dayandığı yerdə qoyulub. Maraqlıdır ki, o zaman dəvə dizləri üstə necə dayanıbsa, heykəli də həmin formada daşdan yonublar. Bu günə qədər "ağ dəvə" ətrafında bəzi inanc və adətlər formalaşıb.
İnanca görə, dizləri üstə çökən "ağ dəvə" ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır. Görünür, bu səbəbdən uzun illər axın-axın ziyarətçilərin çoxluğuna tab gətirməyən heykəlin altındakı mərmər örtüklü qat bir qədər aşağı çöküb.
Ziyarətgah quruluş etibarilə sadədir. Hündür ağ divarlarla əhatəyə alınmış bu pirə daxil olmaq üçün kiçik dəmir qapı qoyulub. Ümumiyyətlə, ziyarətgah Sofi Həmidin dəfn olunduğu türbədən və ağ dəvə heykəlindən ibarətdir.
İnanca görə, əvvəlcə dəvə, sonra isə Sofi Həmidin qəbri ziyarət edilir. Qəbr həyətin baş tərəfində, kiçik və sadə evə bənzər türbədə yerləşir. Sofi Həmidin kimliyi haqqında heç bir tutarlı məlumat yoxdur.
Deyilənlərə görə, əvvəllər Sofi Həmidin qəbri üzərində türbə olmayıb. Türbə XVIII əsrdə tikilib. Sofi Həmid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.