Məmmədbəyli türbəsi

Məmmədbəyli türbəsiZəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə, tarixi abidə.

Məmmədbəyli türbəsi
Xəritə
39°10′ şm. e. 46°48′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Zəngilan
Yerləşir Məmmədbəyli kəndi
Memar Yəhya ibn Məhəmməd əl-Hac
Tikilmə tarixi 1305
İstinad nöm.391
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Məmmədbəyli türbəsi (Azərbaycan)
Məmmədbəyli türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Abidə haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İ. P. Şeblıkin vermişdir. O, ArazHəkəri çaylarının hövzəsindəki abidələrdən danışarkən, Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığındakı türbəni və başqa abidələri təsvir etmişdir. Lakin Məmmədbəyli türbəsi memarlıq quruluşu cəhətdən həmin türbələrə bənzəmədiyi üçün onun təsvirini olduğu kimi verməmişdi.[1] Alman tədqiqatçı Qustav Radde 1890-cı ildə türbəni ziyarət edərək onu yerli əhalinin "Yel piri" olaraq adlandırdığını qeyd etmişdir.[2]

Türbənin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Türbə dövrümüzədək salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır.(ermənilər tərəfindən işğal olunduğu vaxtda).20.10.2020 tarixində işğaldan azad edildi.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tikili piramidal günbəzlərlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Sadə işlənmiş əsas qapının üzü abidənin şimal-qərb tərəfindədir. Bina səkkiztillidir və səkkiztilli piramida çadırı ilə örtülmüşdür. Eni 76 santimetr, hündürlüyü 88 santimetr olan düzbucaqlı qapı yeri şimal-qərb tili üzərində olub yer səthindən xeyli hündürə qaldırılmışdır. Türbə yonulmuş ağ daşdan tikilmişdir, lakin pərvazı tünd rəngli daşdan hörülmüşdür. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi qara rəngli daşdan işlənmişdir. Abidənin inşasında əsas tikinti materialı kimi çay daşından istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu

Məmmədbəyli türbəsi

kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük, eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 santimetr olub, iki cərgədən ibarətdir. O, daxildən və xaricdən üzlük daşlarla hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulmuşdur. Kəndin yaşlı adamlarının dediyinə görə, bu abidədən Həkəri çayının digər sahilində yerləşən Şərifan kəndinə yeraltı tunel var imiş.

1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 m x 3,30 m. ölçülü düzbucaq şəkilli plana malikdir. O, 190 santimetr hündürlükdə tağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxşı olan və eyni zamanda tanınmış şəxslərin qəbri üstündə ucaldılarmış.[3]

Türbənin kitabəsi

[redaktə | mənbəni redaktə et]

Türbənin maraqlı və orijinal kitabəsi vardır. Adi sıradan çıxıb sətirdən yuxarı qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunmuşdur. Ölçüsü 1,45 m x0,90 m.-dir. Daşın yuxarı hissəsi 21 santimetr enində kitabə motivi ilə haşiyələnmişdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda yazılmışdır. Dörd sətirdə "Qurani-Kərim"dən ayələr verilir. İki sətirdə, türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir.

Binanın memarı və bənnası XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış Əli Məcdəddindir. Kitabədə göstərilən "Əl-Hac" ləqəbi bütün orta əsrlər dövründə dövlət xadimlərinə verilərmiş.[4]

Anadoludan tutmuş Çinədək Araz boyu karvan-ticarət yolu olan İpək yolu üzərində, Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansara vardır. Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd türbəsinin qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunma texnikasına görə, qeyd olunan karvansara kitabəsi ilə eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməmişdir. Qeyd olunan kitabədə də memar Əli Məcdəddinin adı yazılmışdır.

Türbənin səkkizguşəli korpusu piramidavari örtüklə tamamlanmışdır. Düzbucaqlı qapı yeri yer səthindən xeyli hündürə qaldırılmış və üzərində nəbati elementlərlə iki cərgə prizmatik stalaktitlərlə haşiyələnmişdir. Haşiyə yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanır. Türbənin tərəflərinin sahəsi də yuxarı hissədən düzbucaqlı çiyinlərlə tamamlanan taxça formasında işlənmişdir. Stalaktitli haşiyədən içəri, qapının üzərində, yuxarı hissədən qövsvari çatılmış bütöv bir sal daş (1,45x0,90m) yerləşdirilmişdir. Daşın yuxarı hissəsi 21 sm enində kitabə motivi ilə haşiyələnmişdir. Haşiyənin içərisində, daşın sahəsi 2 sm qədər qazılmış, yuxarı hissədən üç pərli tağ formasında salınmışdır. Bu hissədəki altı sətirlik ərəbcə kitabə süls elementli nəsx xətti ilə oyma üsulunda yazılmışdır. Haşiyədəki kitabə nisbətən iri xətlidir. Kitabə bəzi yerlərdə daş sınıb töküldüyü üçün xarab olmuş və çox çətinliklə oxunub, bərpa edilmişdir.[5]

Kitabənin ərəbcə yazılmış yuxarı dörd sətrində Quran ayələri verilmişdir. Aşağıdakı iki sətrin tərcüməsi belədir:

" "Mən, bu imarətin sahibi, yəni türbədə dəfn olunmuş Məhəmməd əl-hac oğlu, zəif qul, yüksək Allahın rəhmətinə möhtac, miskin Yəhyayam. Əli Məcd-əd Dinin əli ilə mübarək ramazan ayında yeddi yüz dördüncü il tarixdə bina olundu". "

Kitabədən məlum olduğu kimi türbə Yəhya ibn Məhəmməd əl-hacın məzarı üzərində bina olunmuşdur. Türbənin inşaçısı Əli Məcd-əd Din olmuşdur. Onun adı indiyədək memarlıq tarixində məlum deyildi. Çox mümkündür Araz və Əkərəçay hövzəsində mövcud olan türbələr Əli Məcd əd-Din məktəbinin əsərləridir. …Türbədə dəfn olunan Yəhya ibn Məhəmmədin "zəif qul", "miskin" kimi çox kiçildilmiş ləqəblərlə qeyd olunmasına baxmayaraq o, feodal təbəqəsinə məxsus şəxs olmuşdur. Yoxsa ona belə dəbdəbəli abidə qoyulmazdı. Yəhyanın atası Məhəmmədin kitabədə qeyd olunmuş "əl-hac" ləqəbi çox maraqlıdır. Bu ləqəb bütün orta əsr boyu dövlət xadimlərinə verilərmiş. "Əl-hac" ləqəbinin Azərbaycan dövlət xadimlərinə verilməsini bir sıra orta əsr kitabələri də təsdiq edir. Məhz buna görə də Məhəmmədin mühüm vəzifə sahibi olduğunu güman etmək olar. Bəlkə də kəndin Məmmədbəyli adlanması da həmin şəxs ilə əlaqədardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Məmmədbəyli türbəsi". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  2. Radde, Gustav. Karabagh: Bericht über die im Sommer 1890 im russischen Karabagh von Dr. Gustav Radde und Dr. Jean Valentin ausgeführte Reise (alman). J. Perthes. 1890-01-01. 26. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  3. "Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsi". 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  4. Təşkilat Muradov, "Məmmədbəyli türbəsi", "Cəmiyyət və Din" qəzeti, 30 iyun 2011. (az.)
  5. "Əsirlikdə olan Azərbaycan abidələri". 2020-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.