Naxçıvan İmamzadə türbəsi — Naxçıvan şəhərin cənub-şərq hissəsində, qədim Yezidabad qalasının qərb tərəfində yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Şəhərin digər vacib abidəsi olan Nuh türbəsinin yaxınlığında yerləşən Naxçıvan imamzadəsi bir-biri ilə yanaşı yerləşən üç türbə binasından ibarətdir. Binaların üçü də Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir.
İmamzadə türbəsi | |
---|---|
39°12′10″ şm. e. 45°24′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Heydər Əliyev küç. |
Aidiyyatı | Səfəvilər imperiyası |
Sifarişçi | Hacı Polad bəyin oğlu Rufan bəy |
Tikilmə tarixi | 1722-1732 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 5297 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Türbə daxilindəki məzarın üzərində onun kimə məxsus olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu, səkkizinci şiə imamı Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir.[1] O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir. Bu məlumatın düzgünlüyünün bir səbəbi isə yerli şiə əhalinin imamlara böyük hörmətinin olması ilə bağlıdır.
İmamzadənin əsasını təşkil edən bu türbənin inşa edilmə tarixinə gəldikdə isə keçən əsrin 20-ci illərində "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ. Əzimbəyovun tədqiqatlarından aydın olur ki, vaxtilə onun üzərində — şimal-qərb tərəfində nəsx xətti ilə yazılmış kitabəsi olmuşdur.[2] Həmin kitabədən aydın olmuşdur ki, bu abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722–1732-ci illərdə Hacı Fulad bəyin oğlu Həzrət Rufai bəy tərəfindən inşa etdirilmişdir.[3] Kitabə sonradan yox olduğundan son illərdə türbə təmir edilərkən İ. Əzimbəyovun məqaləsindən istifadə edilərək kitabənin yerinə yenisi qoyulmuşdur.[3] Kitabədə yazılır:
1722-1732-ci illərdə bu İmamzadə, ərəb və əcəmin ixtiyar sahibi, səxavətli xaqan, möhtərəm əmir, ən böyük sultan, şah oğlu Şah Əbu Müzəffər Təhmasib Bahadır xanın hökmdarlığı dövründə, günahları bağışlamağa layiq, mərhum Hacı Polad bəyin oğlu sahibkar, zəmanənin xeyirxahı olan Rufan bəyin əmri ilə tikilmişdir.[3] |
Türbədəki məzardan başqa imamzadə kompleksində başqa bir qəbir yoxdur. Amma V. M. Sısoyevin yazdığına görə bu hissə Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Müəllif Naxçıvan xanlarından Abbasqulu xanın oğlu Mustafa Qulu xan Naxçıvanskinin orada dəfn edildiyini qeyd etmiş, yan divarlarda taxçalar, şimal divarda buxarı olduğunu yazmışdır.[4]
V. M. Sısoyev yazır ki, imamzadəyə yaxın, çox da böyük olmayan, bir məzarüstü tikili vardır. Onun içində, torpağın üzərində üstünə mumya çəkilmiş cəsədin bütov bir skeleti vardır. Ardınca müəllif yazır, deyirlər ki, əvvəllər cəsədi çıxarıb Kərbəla və ya Nəcəfə aparmaq istəmişlər, 1918-ci il hadisələri buna mane olmuş və cəsəd bu vəziyyətdə qalmışdır.[4] Buradan aydın olur ki, bu türbənin alt qatı, yəni zirzəmi hissəsi qəbir yeri olmuşdur.
Əvvəl qəbirüstü türbələr, sonra isə birinci türbəyə bitişik digər yardımçı binalar tikilmişdir. Yardımçı binaların Kəngərli xanlarının qəbirləri üzərində və türbəyə gələn ziyarətçilər üçün tikildiyini də demək olar.[5]
Kompleks, 3 binadan ibarətdir. Abidənin cənub tərəfində yerdən dördbucaqlı formada yuxarısı silindir şəkilli inşa edilən türbə onun əsas hissəsini təşkil edir. Planda kvadrat formasına malik olan türbənin günbəzə keçid hissəsi stalaktitlər şəklində həyta keçirilmişdir.[6] Xaricdən kubik təməl hissə üzərində səkkizguşəli bina həcmi ucalır, onun üzərində isə dartılmış formaya malik baraban və dəbilqəvari günbəz yerləşir.[6] Silindrik barabanın fasadı Bərdə türbəsi və Şeyx Səfi türbəsində olduğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətti ilə dəfələrlə təkrarlanan "Allah" sözü işlənmişdir.[3] Bu dizayn effektinin yaradılması zamanı memarlar bişmiş qırmızı kərpic və açıq bənövşəyi kaşılardan istifadə etmişlər.[6] Türbənin içərisində uzunluğu 150 sm, hündürlüyü 88 sm, eni 115 sm olan, sənduqə tipli bir qəbir vardır.[3]
Bu türbəyə bitişik[7] kompleksin dördbucaqlı formasında olan birinci salonu ondan şimalda yerləşir. Türbədən ona təxminən 1,5 m ucalığında olan giriş qapısı vardır. Yəni türbəyə giriş onun şimal tərəfindən olan yeganə qapısındandır. Birinci salondan şimalda isə ona bitişik, həm eni, həm də uzunluğuna görə ondan nisbətən böyuk ikinci salon yerləşir. Birincidən fərli olaraq ikinci salonun mərkəzində böyük günbəzi vardır. Çöldən kompleksə giriş qapısı bu salonun qərb tərəfindəndir.[7]
İmamzadə kompleksindən şimalda ondan bir neçə metr yüksəkdə yerdən dördbucaqlı formada, həmin dordbucağın üzərində altı bucaqlı və başı soğanvari formada olan bir türbə vardır.[7] Üzərində heç bir kitabəsi olmayan bu türbənin iki qapısı vardır. Daha doğrusu onun alt zirzəmi hissəsinə giriş qərb tərəfindən üst hissəsinə giriş isə şimal tərəfindəndir. Bu türbənin içərisində qəbir yoxdur.[7]
Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş 16-cı əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvarı sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri–xanəgah kimi istifadə etmişlər.