Şeyx İbrahim türbəsi

Şeyx İbrahim türbəsiFüzuli rayonunun Aşağı Aybasanlı kəndindəki qədim məzarlıqda ucaldılan türbə.

Şeyx İbrahim türbəsi
Ölkə  Azərbaycan
Şəhər Füzuli
Yerləşir Aşağı Aybasanlı kəndi
Memar Əvəzəli
Tikilmə tarixi Hicri tarixi ilə 1042-ci il
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şeyx İbrahim türbəsi

Ümumi hündürlüyü 6 m-ə çatan Şeyx İbrahim türbəsi təbii əhəng daşı ilə planda səkkizbucaqlı şəkildə inşa edilmişdir. Türbənin gövdəsi daşdan tikilsə də, onun günbəzi bişmiş kərpiclə hörülmüşdür. Lakin XX əsrin əvvəllərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülmüşdür. Sonralar yerli sakinlərin köməyi ilə türbənin yarıuçuq günbəzinə toxunmadan onun üst hissəsini yenidən dəmir-beton günbəzlə örtmüşlər (günbəzin interyerindən onun tavanına baxanda bu vəziyyət aydın görünür). Ancaq bu örtük də təbii suları saxlamadığından, onu da bayır tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Doğrudur, metal təbəqə təbii suları türbənin mərkəzinə ötürmür, lakin abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görümünə xələl gətirir. Belə metal təbəqələrdən Füzuli şəhərindəki Hacı Ələkbər məscidininHoradiz kəndindəki Cümə məscidinin dam örtüyündə də istifadə olunmuşdur. El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin yalnız künclərində və giriş qapısı yanlarında işlədilmiş daşlar yaxşı cilalanmış, gövdənin digər yerlərində işlədilən daşlar isə öz təbii formasında divara düzülmüşdür. Hündürlüyü 150 m, eni isə 73 sm olan giriş qapı açırımını yuxarıdan yeganə daş bağlayır. Həmin daşın aşağı hissəsinin düz olmasına baxmayaraq onun üst hissəsi yarımdairə şəklində yonulmuşdur. Əlbəttə, qapı boşluğu üzərində belə formalı daşların istifadəsi onun daha da möhkəm olmasına xidmət edir. Qapının soldan yuxarı küncündə qoyulmuş digər sal daş üzərinə ağac altında ayaq üstdə durmuş qadın və yanında at şəkli işlənmişdir. Həmin səviyyədən qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə vardır.[1] Kitabədə

" "Allahın Rəsulu Məhəmmədə salam. 1042.. Əvəzəli bin Əlimərdan" "

sözləri yazılmışdır.

Şeyx İbrahim türbəsi

Çox güman ki, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi göstərir. Həmin tarixi miladi ilinə çevirdikdə 1632–1633-cü illərə uyğun gəlir. Ehtimal ki, türbəni bərpa edən usta onun əvvəlki tikilmə tarixini göstərən kitabəli daşının yazılarına toxunmadan yenidən onu divara qoymuşdur. Giriş qapısının bütün tərəflərində işlənmiş, həmçinin kitabə yazılmış daşın digər divar daşlarından kəskin surətdə fərqlənməsi bunu bir daha təsdiq edir. Tarixi dəlillərə əsaslanaraq Şeyx İbrahim türbəsi əsrimizin əvvəllərində bərpa olunmadığını, əslində onun, əvvəlki bünövrəsi üzərində yenidən səkkizbucaqlı şəkildə tikildiyini söyləmək olar.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Türbə xaricdən səkkizbucaqlı formada olmasına baxmayaraq daxili divarı dairəvi formada hamar şəkildə icra olunmuş və əhəng məhlulu ilə suvamışdır. Buranın işıqlandırılması üçün (türbənin günbəzinə yaxın məsafədə) onun beş tərəfində eyni sayda, kiçik ölçülü (20 x 40 sm) pəncərə qoyulmuşdur. Bu da türbənin daxilini alaqaranlıq işıqlandırmağa imkan verir. Azərbaycanın bir neçə qəbirüstü abidələrindən fərqli olaraq burada Şeyxin məzarı türbənin mərkəzində, döşəmədən 80 sm hündürlüyə malikdir. Qəbirlərin türbə daxilində bu formada yerləşdirilmə həllinə həmin bölgəyə məxsus Horadiz kəndi yaxınlığındakı İmamzadə abidəsində də rast gəlinir. Bu bölgənin orta əsrlərə aid (Babı kəndindəki Şeyx Babı türbəsi, Aşağı Veysəlli kəndindəki Mir Əli və Əhmədallar türbəsi və s.) türbələri isə əksinə ikimərtəbəli olmuş məzarlar isə onun yeraltı hissəsindədir. Şeyx İbrahim türbəsinə daxil olarkən məzarın aşağı tərəfində üzəri ərəb qrafikası ilə yazılar olan bir sal daş parçası diqqəti cəlb edir. Həmin daşın yazılarını M. Nemətova belə oxumuşdur:

" ""Bissimillah İrrəhman İrrəhim… 1302… Hüseyini Kərkəzi. Məhəmməd, Fatimə, Əli, Həsən, Hüseyn… əl Müzəffər… bəy ibn Şərif bəy". "

Şeyxin məzarı

[redaktə | mənbəni redaktə et]

Yazılardan göründüyü kimi, burada Şeyx İbrahimi yada salacaq heç nəyə rast gəlinmir. Yazıların bir qismi hansısa səbəbdən sındırılmış daşın digər parçası üzərində qalmışdır. Buradakı 1302 rəqəmini isə şeyxin ölüm tarixi kimi qəbul etmək olmaz. Çünki bu miladi tarixi ilə 1884–1885-ci illərə uyğun gəlir. Bu tarixlə türbə üzərindəki 1632–1633-cü il tarixlərini müqayisə etdikdə belə çıxır ki, Şeyx İbrahim ölümündən təxminən 252 il qabaq özünə türbə tikdirmişdir. Yerli yaşlı sakinlərin dediyinə görə, sovet hakimiyyəti gələndən sonra türbə ilə birlikdə şeyxin məzarını da dağıtmışlar. Buna əsasən demək olar ki, həmin yazılı daş parçası sonradan qəbrin bərpası zamanı izi itmiş qəbirlərdən birinindir və səhv olaraq bura qoyulmuşdur. Həmin daşın qəbrin aşağı tərəfində əksinə – başıaşağı vəziyyətdə qoyulması da bu fikri bir daha təsdiq edir. Bir neçə il öncə türbənin giriş qapısı tərəfdən çox da böyük olmayan dəhliz tikmişlər. Bu tikili ziyarət üçün türbəyə daxil olanların ayaqqabılarını çıxarması üçündür. Bu əlavə tikilinin də türbənin memarlığına xələl gətirməsi üçündür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Füzuli rayonunun tarixi türbələri". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.