Sofi Həsən türbəsi - Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Yalnız yeraltı sərdabəsi salamat qalmış türbə kəndarası yolun kənarındakı boş sahədədir.
Sofi Həsən türbəsi | |
---|---|
Sofi Həsən türbəsi | |
| |
Ölkə | Azərbaycan |
Şəhər | Füzuli rayonu |
Yerləşir | Yuxarı Kürdmahmudlu kəndi |
Memar | İbrahim Xəlil |
İstinad nöm. | 5 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Sərdabə daxilini yeraltı suların lil çöküntüləri doldurduğundan döşəmə səviyyəsi xeyli yuxarı qalxmış və sadəcə əli yuxarı qaldırmaqla tavana sərbəst toxunmaq olur. Ona görə də burada tədqiqat işləri apararkən yalnız onun üfüqi ölçülərini izləmək mümkün oldu.
Abidənin planı kvadrat (4,40m x 4,40m) formada həll olunub. Onun yerüstü hissəsi düz olsa da, daxildən damı tağ-tavan şəklində tamamlanır. Tavanda ucları dörd tərəfə istiqamətlənmiş və ümumi səthdən azacıq batıq şəkilli bir ulduz işlənmişdir. Memar bunu etməklə elə sərdabədəcə cəhətlərin təyininə imkan verir. Sərdabəyə yeganə giriş şimal tərəfdəndir. Qalan üç tərəflərdəki divarların hər birində dərinliyi bir metrə çatan nişalar quraşdırılmışdır. Girişdə olduğu kimi, nişaların da yan divarları yuxarı qalxdıqca oxvari tağbənd şəklində tamamlanır. Abidə üzərində heç bir kitabəyə rast gəlinmir. Ona görə də onun hansı zaman durumunda inşa olunması barədə fikir söyləmək çətindir.[1]
Lakin abidənin bütövlükdə "epoxa" adlı kərpiclə (20 sm x 20 sm x 5 sm) inşa olunması onu həmin rayonun Qarğabazar kənd məzarlığındakı Cəlil türbəsi ilə əlaqələndirməyə imkan yaradır. O türbə də eyni ilə bu tip kərpiclə inşa olunmuşdur. Bununla yanaşı, hər iki türbənin divarlarına düzülmüş kərpic düzümündə və bü düzümlərlə salınmış naxışlarda da bir oxşarlıq var. Ümumilikdə hər iki abidədə bir memarın sənət imzası sezilir. Bu memar XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Söz yox ki, Cəlil türbəsində olduğu kimi, Kürdmahmudlu türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilmişdir. Əlbəttə, abidənin bu və ya digər tarixi həqiqətləri haqqında daha dolğun və ətraflı məlumatlar burada aparılacaq arxeoloji qazıntılar zamanı aşkar olunacaq.