Sarıtəpə türbəsi

Sarıtəpə türbəsiŞəmkir rayonunun Sarıtəpə kəndində yerləşən tarixi-memarlıq abidəsidir.

Sarıtəpə türbəsi
Ölkə  Azərbaycan
Şəhər Şəmkir
Yerləşir Sarıtəpə
Tikilmə tarixi XVII əsr

Planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir.

Türbə, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun təşkil etdiyi və tədqiqatçılar İ. Cəfərzadə, İ. Şeblıkin və A. İbrahimovun iştirak etdiyi ekspedisiya zamanı aşkar olunmuşdur.[1]

Ə. Salamzadə qeyd edir ki, türbə hansısa ornamental bəzəklər və ya kitabəyə maik olmadığından, onun inşa tarixini müəyyənləşdirmək çox çətindir. Abidənin tarixini müəyyənləşdirmək rol oynaya biləcək yeganə elemenlər tikilini tipoloji xüsusiyyətləri və inşaat zamanı istifadə edilmiş kərpicin ölçüləridir. Tədqiqatçının fikrincə bütün bu xüsusiyyətləri nəzərə almaqla türbənin inşasını XVII əsrə aid etmək olar. İnteryerinin təşkil xüsusiyyətlərinə görə isə Sarıtəpə türbəsinin ən yaxın anologiyası Qusar rayonunun Həzrə kəndində yerləşən və XVI əsrə aid edilən Şeyx Cüneyd türbəsidir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Türbənin inşası zamanı 21x21x4 və 22x22x4.5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunmuşdur. Türbənin 3.1 metr hündürlüyə və planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir. Kvadrat formalı türbədən dairəvi barabana keçid tromplar vasitəsiylə həyata keçirilmişdir. Slindrik baraban üzərində 35x60 sm ölçüsü olan və işıq istiqamətinə yönəldilmiş dörd kəsik yerləşdirilmişdir.[1]

Bir qayda olaraq Azərbaycan türbələrinin girişləri mərkəzi ox üzrə yerləşdirilsə də, Sarıtəpə türbəsində girişlər binanın əsas oxundan fərqlənən oxa malikdir. Daxildən dördbucarlı forma alan girişlər 1.57 metr hündürlüyə malikdir.[1]

Türbənin divarları daxildən suvanmışdır. Türbənin cənub divarının mərkəzində mehrab yerləşir. Lakin, mehrab nə nişə nə də hansısa yonma elementə malik olmayıb sadəcə düz divar səthində qəhvəyi boya ilə çəkilmişdir.[1]

Sərdabə hissəyə malik olmayan tübədə dəfn adi qəbirdəki kimi həyata keçirilmişdir. Bu cür dəfn xüsusiyyəti günbəzli türbələrin tipoloji xüsusiyyətindən irəli gəlir. Bu cür türbələrdə döşəmə yer səviyyəsində olduğuna görə, xüsusi sərdabə inşasına ehtiyac qalmırdı.[1]

  1. 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 52
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.